Azərbaycan üç ölkədən baytarlıq vaksinlərinin alışını kəskin artırıb
- 10 iyun, 2025
- 17:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycan 8,3 milyon ABŞ dolları dəyərində 73 ton baytarlıq vaksini idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 92 %, kəmiyyət olaraq – 66 % çoxdur.
Hesabat dövründə Türkiyədən 5,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,8 dəfə çox) 58,7 ton (+2,6 dəfə), Macarıstandan 1,2 milyon ABŞ dolları dəyərində (+38 %) 1,2 ton (+4 dəfə), Amerika Birləşmiş Ştatlarından 214 min ABŞ dolları dəyərində (+5 %) 0,03 ton (dəyişməyib), Meksikadan 162 min ABŞ dolları dəyərində (+14 dəfə) 0,2 ton (+11 dəfə), Fransadan 160 min ABŞ dolları dəyərində (+29 %) 0,06 ton (-82 %) məhsul gətirilib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 15,17 milyon ABŞ dolları dəyərində baytarlıq vaksinlərinin 31 %-i Macarıstanın, 18 %-i Türkiyənin, 10 %-i Niderlandın payına düşüb.