Azərbaycan-Türkiyə Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndirilə bilər
- 26 dekabr, 2025
- 11:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndirilə bilər.
"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı Səfirliyinin baş ticarət müşaviri Gülizar Yavaş Bakıda keçirilən "Türkiyə bazarına çıxış: İxrac, hüquqi və praktiki aspektlər" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, əgər hazırda saziş 30 malın preferensial ticarət rejimi ilə idxal-ixracını nəzərdə tutursa, siyahını 50 mala qədər genişləndirilməsi nəzərdə tutulur.
"Hazırda siyahıda əsasən Azərbaycanın kənd təsərrüfatı, Türkiyənin isə sənaye məhsulları var", - deyə səfirlik rəsmisi əlavə edib.
G.Yavaş həmçinin deyib ki, Azərbaycan və Türkiyə arasında ticarətlə bağlı yaranan problemlərin həll edilməsi üçün ortaq platformanın qurulması planlaşdırılır: "Dekabrın 1-də iqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirdiyimiz görüşdə, onun texniki işçi qrupu yaradılması ilə bağlı bir təklifi oldu. Bu cür platformalar bizə qarşılıqlı investisiyaları artırmağa kömək edəcək".
Xatırladaq ki, 2020-cu ildə təsdiq olunan sazişə görə, gömrük rüsumundan azadolmalar hər mal qrupuna görə seçilir və 33-100 % civarındadır. Saziş çərçivəsində mallara verilən güzəştlərin qüvvəyə mindiyi tarixdən sonrakı 10 il müddətinə nəzərdə tutulur. İlk öncə 15 məhsul Azərbaycan tərəfindən, 15 məhsul isə Türkiyə tərəfindən təsdiq edilib. Sonrakı mərhələdə güzəştli ticarət tətbiq olunan malların sayı hər ölkə tərəfindən 30-a çatdırılıb.