Azərbaycan şirkəti məhsullarını Avropa bazarlarına çıxarmaq istəyir

Biznes
  • 19 iyul, 2022
  • 07:34
Azərbaycan şirkəti məhsullarını Avropa bazarlarına çıxarmaq istəyir

"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin (STP) törəmə şirkəti - "STP Global Cable" MMC şirkəti məhsullarını Avropa bazarlarına çıxarmaq istəyir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin Araşdırma və İnkişaf Departamentinin direktoru Yusif Əhmədov deyib.

Onun sözlərinə görə, "STP Global Cable" Avropaya elektrik avadanlıqları və kabellər göndərə bilər: "Hələ ki, Avropa İttifaqına üzv olan ölkələr sorğular göndərir və biz cavablandırırıq. Bazar araşdırması aparılır".

O həmçinin əlavə edib ki, şirkətin istehsal etdiyi "NA2XSY" markalı 6/10 kV və 20,3/35 kV gərginlikli kabellər Avropa İqtisadi Zonasında satıla bilər: "Buna nail olmaq üçün həmin kabellər Avropa İttifaqında müvafiq laboratoriyaya ("Notified Body") test üçün göndərilib, məhsullar testlərdən uğurla keçib .Artıq, qeyd edilmiş məhsullar EU CPR ("European Union Construction Products Regulation") üzrə tələbləri tam ödəyir, Qazaxıstan, Özbəkistan, Ukrayna və digər ölkələrə ixrac edilir.

Qazaxıstana 2018-ci ildən etibarən ixrac edirik. Bu vaxta qədər 70-80 min ton məhsul göndərilib. Digər ölkələrə də ixrac təzə başlayıb və aylıq 120 ton təşkil edir. Bu ölkələrə kabel məhsulları və elektrik çubuqlarının satışı həyata keçirilib".