Azərbaycan şəkər idxalına çəkdiyi xərci 25 % artırıb
- 15 sentyabr, 2023
- 11:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 174,587 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 17,481 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 12,5 % çoxdur.
8 ay ərzində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,57 %-ni, ixrac isə ümumi ixracın 0,07 %-ni təşkil edib.
Xatırladaq ki, yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 35 milyard 505 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,1 % çoxdur.
8 aylıq xarici ticarət dövriyyəsinin 24 milyard 355 milyon ABŞ dolları ixracın, 11 milyard 151 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,2 % azalıb, idxal isə 25,7 % artıb.
Son nəticədə xarici ticarətdə 13 milyard 204 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 24 % azdır.