Azərbaycan Qırğızıstan və Filippindən qızıl idxal etməyə başlayıb
- 17 iyun, 2025
- 11:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 22 ölkədən 2 milyard 527 milyon ABŞ dolları dəyərində 26 min 930 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 dəfə, kəmiyyət olaraq – 7 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 439,3 milyon ABŞ dolları dəyərində 4 min 753 kiloqram, Avstraliyadan 325,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11,5 % çox) 3 min 704 kiloqram (-6 %), Amerika Birləşmiş Ştatlarından 298,9 milyon ABŞ dolları dəyərində 2 min 960 kiloqram, Böyük Britaniyadan 248,9 milyon ABŞ dolları dəyərində 2 min 694 kiloqram, Meksikadan 185,5 milyon ABŞ dolları dəyərində 2 min 108 kiloqram qızıl alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qırğızıstan (3,9 milyon ABŞ dolları dəyərində 36,9 kiloqram) və Filippindən (12,8 milyon ABŞ dolları dəyərində 127,3 kiloqram) tədarük həyata keçirilib.
2020-2023-cü illərdə Azərbaycana toplam olaraq xaricdən 98,3 milyon ABŞ dolları dəyərində 1 724 kiloqram eyni adda qızıl gətirildiyi halda, 2024-cü ildə 3,313 milyard ABŞ dolları dəyərində 41 min 78 kiloqram həmin məhsuldan idxal olunub.
Bu ilin ilk 4 ayında Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 95,4 milyon ABŞ dolları dəyərində 1 309 kiloqram qızıl tədarük olunub ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 3 dəfə və 80 % çoxdur.