Azərbaycan Özbəkistandan toyuq əti tədarük etməyə başlayıb 

Biznes
  • 10 iyun, 2024
  • 12:29
Azərbaycan Özbəkistandan toyuq əti tədarük etməyə başlayıb 

Bu ilin I rübündə Azərbaycan 11,9 milyon ABŞ dolları dəyərində 6 min 842 ton toyuq əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 % çoxdur, kəmiyyət olaraq – 15 % azdır.

Hesabat dövründə Azərbaycana Ukraynadan 4,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % azdır) 3 min 109 ton (-14 %), Rusiyadan 4 milyon ABŞ dolları dəyərində (-1,4 %) 2 min ton (-25 %), Gürcüstandan 2,1 milyon ABŞ dolları dəyərində (+90 %) 1 min ton (+90 %), Belarusdan 785 min ABŞ dolları dəyərində (-6 %) 550 ton (-10 %), Özbəkistandan 61 min ABŞ dolları dəyərində 20,3 ton məhsul gətirilib.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistandan tədarük həyata keçirilib.

2023-cü ildə Azərbaycana 11 ölkədən idxal edilmiş 25 min 822 ton toyuq ətinin 43,2 %-i Ukraynanın, 32,6 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə