Azərbaycan iki ölkədən fiber-optik kabel idxal etməyə başlayıb
- 26 yanvar, 2024
- 11:34
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 26 milyon ABŞ dolları dəyərində 5 min 291 ton fiber-optik kabel idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 46 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 10,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 61 % çoxdur) 2 min 632 ton (+87 %), Türkiyədən 7,9 milyon ABŞ dolları dəyərində (+3,3 dəfə) 1 min 394 ton (+2,8 dəfə), Rusiyadan 4,8 milyon ABŞ dolları dəyərində (-27 %) 815 ton (-31 %), Belarusdan 2,3 milyon ABŞ dolları dəyərində (-4 %) 433 ton (-6 %), Amerika Birləşmiş Ştatlarından 141 min ABŞ dolları dəyərində (-28 %) 1,85 ton (+91 %) kabel alıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Şimali Makedoniyadan (18,3 min ABŞ dolları dəyərində 0,35 ton) və Xorvatiyadan (0,6 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.