Azərbaycan holdinqi Daşkənddə hotelçilik biznesinə investisiya yatırmaq niyyətindədir

Biznes
  • 21 fevral, 2024
  • 15:58
Azərbaycan holdinqi Daşkənddə hotelçilik biznesinə investisiya yatırmaq niyyətindədir

Azərbaycanın “PAŞA Holding” Şirkətlər Qrupu Özbəkistanın paytaxtı Daşkənddə beşulduzlu “Ritz-Carlton” hoteli tikməyi planlaşdırır, layihənin dəyəri 200 milyon ABŞ dolları həcmində qiymətləndirilir.

“Report” Özbəkistanın 2024-cü ilin birinci rübü üçün investisiya proqramının həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında hökumətin qərarına istinadən xəbər verir ki, beşulduzlu hotelin tikintisi Daşkəndin Çilanzar rayonunda planlaşdırılır.

Ötən il noyabrın 22-də Azərbaycanın “PASHA Development” şirkəti (“PAŞA Holding”ə daxildir) tərəfindən yaradılan “PD Estates” şirkəti 2024-2026-cı illərdə 150 otaqlı hotel layihəsinin tikintisinə 200 milyon ABŞ dolları sərmayə qoymaq niyyətindədir. Bu ilin birinci rübündə investisiyanın (kreditlərin) həcmi 7 milyon ABŞ dolları səviyyəsində nəzərdə tutulur.

Özbəkistan KİV-lərinə istinadən, 2018-ci ilin iyul ayında yayılan məlumatlara görə “Ritz-Carlton” hotelin “Tashkent City” biznes mərkəzinin ərazisində açılması planlaşdırılırdı. Çoxfunksiyalı kompleksdə “A+” klas səviyyəli biznes mərkəzləri, beşulduzlu “Ritz-Carlton” hoteli, “Ritz-Carlton”dan premium xidmət göstərən mənzillər və dünyaca məşhur brendlərin butiklərindən ibarət qalereyası olacağı gözlənilirdi.

Bu layihə üçün 1,5 hektardan çox ərazinin ayrıldığı bildirilirdi. 200 metrlik tikili Özbəkistanda və bütün Orta Asiyada ən yüksək bina olmalı idi. Tikintini “Murad Buildings” şirkəti, layihələndirməni isə Yaponiyanın “Nihon Sekkei” layihə təşkilatı həyata keçirməli idi, lakin bu layihə həyata keçirilmədi.

Ötən ilin iyulunda “PASHA Holding”in Baş icraçı direktoru Cəlal Qasımov Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov ilə görüşüb. Görüş zamanı Daşkənddə hotel tikintisi layihəsinin həyata keçirilməsi və Azərbaycanda birgə tekstil klasterinin yaradılması məsələləri müzakirə edilib.

Holdinqin nümayəndələri 19 fevral 2024-cü ildə Özbəkistanın rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov ilə görüşərək Azərbaycan şirkətləri üçün “Softlanding” proqramının həyata keçirilməsi və “PAŞA Holding”in tərəfdaşları vasitəsilə Özbəkistan şirkətlərinin beynəlxalq bazarlara çıxışı məsələlərini müzakirə ediblər. “Aloqa Bank”da keçirilən görüşdə tərəflər vençur investisiyalarının inkişafı və startapların dəstəklənməsi sahəsində potensial əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

“PAŞA Holding” Özbəkistanla müxtəlif sahələrdə, o cümlədən informasiya texnologiyaları, innovasiyalar və maliyyə xidmətləri üzrə tərəfdaşlıq əlaqələrinin inkişafına böyük maraq göstərdiyini bildirib.

“PAŞA Holding” Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərir və onun tərkibinə banklar, sığorta, investisiya, İT şirkətləri və daşınmaz əmlak daxildir. Bundan əlavə, şirkət turizm sənayesinə, o cümlədən Azərbaycan və Türkiyədə hotel və kurortlara, eləcə də kənd təsərrüfatı sektoruna sərmayə yatırır. Holdinqin aktivləri 2022-ci ilin yekunlarına görə 19,3 milyard manat təşkil edir.

44 filmi