Azərbaycan əczaçılıq məhsullarının ixracından qazancını 33 dəfə artırıb
- 21 aprel, 2023
- 13:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan 192,063 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,6 % çoxdur.
Hesabat dövründə Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri 11,991 milyon ABŞ dolları olub. Bu, ötən ilin göstəricisinə nisbətən 32,8 dəfə çoxdur.
Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 4,77 %-ni, ixrac isə ümumi ixracın 0,15 %-ni təşkil edib.
Xatırladaq ki, I rübdə Azərbaycan xarici ölkələrlə 11 milyard 771 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,9 % azdır.
Ticarət dövriyyəsinin 7 milyard 741 milyon ABŞ dolları ixracın, 4 milyard 30 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3 % azalıb, idxal isə 37,7 % artıb.