Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci 12 % azaldıb
- 21 sentyabr, 2024
- 12:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 351,794 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,4 % azdır.
Hesabat dövründə Azərbaycan həmçinin 2,411 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 5,9 dəfə azdır.
Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 2,76 %-ni, ixrac isə ümumi ixracın 0,01 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 995 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,7 % azdır.
Xarici ticarət dövriyyəsinin 18 milyard 232 milyon ABŞ dolları ixracın, 12 milyard 764 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,1 % azalıb, idxal isə 14,5 % artıb.
Son nəticədə xarici ticarətdə 5 milyard 468 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,4 dəfə azdır.