Azərbaycan daha bir ölkəyə kosmetik vasitə ixracına başlayıb

Biznes
  • 06 mart, 2023
  • 09:09
Azərbaycan daha bir ölkəyə kosmetik vasitə ixracına başlayıb

2022-ci il ərzində Azərbaycana 40,5 milyon ABŞ dolları dəyərində 2 min 987 ton kosmetik vasitə (dodaqların, gözlərin makiyajı üçün, manikür və pedikür vasitələri, pudra, kompakt pudra, dəriyə qulluq vasitələri, digər) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 12,3 %, kəmiyyət olaraq – 13,4 % çoxdur.

Rusiyadan Azərbaycana 6,56 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9,3 % çoxdur) 606 ton (+4,1 %), Koreyadan 5 milyon ABŞ dolları dəyərində (+36 %) 90 ton (+45,2 %), Türkiyədən 4,69 milyon ABŞ dolları dəyərində (+17,1 %) 530 ton (+8,8 %), Fransadan 4,67 milyon ABŞ dolları dəyərində (-3,6 %) 87 ton (-0,3 %), İtaliyadan 4,38 milyon ABŞ dolları dəyərində (+10,1 %) 91 ton (+18 %) vasitə alınıb.

Hesabat dövründə Azərbaycandan xaricə 332,44 min ABŞ dolları dəyərində (-28 %) 62 ton (-25,6 %) kosmetik vasitə göndərilib.

Rusiyaya 166 min ABŞ dolları dəyərində (-35 %) 21,3 ton (-53 %), Gürcüstana 63 min ABŞ dolları dəyərində (-34 %) 27,4 ton (+19 %), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 41 min ABŞ dolları dəyərində (+9,5 dəfə) 3,13 ton (+11 dəfə), Qazaxıstana 20 min ABŞ dolları dəyərində (+9 dəfə) 0,4 ton (+10 dəfə), Özbəkistana 14,3 min ABŞ dolları dəyərində (+4 dəfə) 0,6 ton (+9 dəfə) məhsul satılıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Latviyaya (6,2 min ABŞ dolları dəyərində 5,1 ton) kosmetik vasitələrin ixracı həyata keçirilib. Dörd il 11 aylıq fasilənin ardından Belarusa (0,24 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük bərpa edilib.