Azərbaycan daha bir ölkədən pendir tədarük etməyə başlayıb
- 27 sentyabr, 2022
- 05:24
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 13,1 milyon ABŞ dolları dəyərində 3 min 528 ton pendir idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,6 %, kəmiyyət olaraq – 3,2 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24 % çoxdur) 460,7 ton (+16,5 %), Litvadan 1,8 milyon ABŞ dolları dəyərində (-8,9 %) 366,2 ton (-16,5 %), İrandan 1,7 milyon ABŞ dolları dəyərində (+59,1 %) 971,4 ton (+49,6 %), Almaniyadan 1,7 milyon ABŞ dolları dəyərində (-25,7 %) 334,6 ton (-37 %), Belarusdan 1,6 milyon ABŞ dolları dəyərində (+44 %) 313,1 ton (+39,1 %) məhsul alıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yunanıstandan tədarük həyata keçirilib. Bu ölkədən 0,1 min ABŞ dolları dəyərində 0,01 ton pendir gətirilib.
Ötən il Azərbaycanın idxal etdiyi (31 ölkədən) 6 min 393 ton pendirin 23 %-i İranın, 13 %-i Litvanın, 13 %-i Türkiyənin, 12,6 %-i Almaniyanın, 9,8 %-i Rusiyanın payına düşüb.