Azərbaycan daha 3 ölkəyə makaron tədarükünə başlayıb

Biznes
  • 27 fevral, 2023
  • 05:47
Azərbaycan daha 3 ölkəyə makaron tədarükünə başlayıb

2022-ci il ərzində Azərbaycandan xaricə 1,394 milyon ABŞ dolları dəyərində 2 min 306 ton makaron məmulatları (kuskusdan başqa) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 2,6 dəfə, kəmiyyət olaraq – 95 % çoxdur.

Azərbaycandan Gürcüstana 1,272 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,6 dəfə çoxdur) 2 min 130 ton (+92,5 %), Rusiyaya 66,37 min ABŞ dolları dəyərində (+29 %) 98 ton (+26 %), Qətərə 23 min ABŞ dolları dəyərində 22 ton, Belarusa 16 min ABŞ dolları dəyərində 20 ton, İraqa 12,1 min ABŞ dolları dəyərində 25 ton, Polşaya 3,76 min ABŞ dolları dəyərində 7 ton və Ukraynaya 2,73 min ABŞ dolları dəyərində 4,64 ton məhsul ixrac edilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qətərə, Polşaya və Ukraynaya tədarük həyata keçirilib. Doqquz il 11 ayın tamamında Belarusa və 3 il 8 aylıq aradan sonra İraqa makaron ixracı bərpa edilib.

Hesabat dövründə Azərbaycana 21,42 milyon ABŞ dolları dəyərində (+44 %) 16 min 904 ton (+5,6 %) makaron məmulatları (kuskusdan başqa) idxal edilib.

Azərbaycan Türkiyədən 10,42 milyon ABŞ dolları dəyərində (+41 %) 11 min 762 ton (+9,3 %), Rusiyadan 8,39 milyon ABŞ dolları dəyərində (+42 %) 3 min 906 ton (-4 %), Ukraynadan 766 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 343 ton (+2,5 dəfə), İtaliyadan 564 min ABŞ dolları dəyərində (+3,5 %) 293 ton (-12 %), Qırğızıstandan 465 min ABŞ dolları dəyərində 265,4 ton (ilk dəfə tədarük olub) məhsul alıb.