Azərbaycan Britaniyadan alabalıq tədarük etməyə başlayıb

Biznes
  • 14 oktyabr, 2024
  • 10:00
Azərbaycan Britaniyadan alabalıq tədarük etməyə başlayıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 6,69 milyon ABŞ dolları dəyərində 1 min 523 ton alabalıq (diri, təzə və ya soyudulmuş, dondurulmuş, hisə verilmiş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq 2,2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 6,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 97 % çoxdur) 1 min 434 ton (+2,1 dəfə), Türkiyədən 217,3 min ABŞ dolları dəyərində (+10 dəfə) 61 ton (+15 dəfə), Ukraynadan 195,3 min ABŞ dolları dəyərində (+13 dəfə) 11,1 ton (+17 dəfə), Norveçdən 101,57 min ABŞ dolları dəyərində (+23 dəfə) 11,96 ton (+31 dəfə), Belarusdan 52,47 min ABŞ dolları dəyərində (-7 %) 2,94 ton (-5 %) alabalıq alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Böyük Britaniyadan (11,61 min ABŞ dolları dəyərində 0,19 ton) tədarük həyata keçirilib.

2023-cü ildə Azərbaycana 11 ölkədən idxal edilmiş 1 min 998 ton alabalığın 98,5 %-i İranın payına düşüb.