“Anglo-Asian Mining” Azərbaycanda qızıl külçələrinin satışını 24 % azaldıb

Biznes
  • 18 aprel, 2023
  • 10:28
“Anglo-Asian Mining” Azərbaycanda qızıl külçələrinin satışını 24 % azaldıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc” şirkəti 2023-cü ilin birinci rübündə qızıl külçələrinin satışını illik müqayisədə 23,9 % azaldıb.

“Report” şirkətin məlumatlarına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-mart ayları ərzində qızıl külçələrinin ümumi satışı 5 719 unsiya təşkil edib və 1 unsiyanın orta qiyməti 1 895 ABŞ dolları olub. Ötən ilin eyni dövründə isə 7 519 unsiya qızıl külçə satılıb. Onun 1 unsiyasının orta qiyməti isə 1 904 ABŞ dolları təşkil edib.

Hesabat dövründə 1 147 quru metrik ton mis konsentratın satışından 2,7 milyon ABŞ dolları əldə edilib. Ötən ilin birinci rübündə isə 1 477 quru metrik ton mis konsentratı 3,2 milyon ABŞ dollarına satılıb.

Qeyd edilib ki, 1 unsiyası 1 980 ABŞ dolları dəyərində olan 1 200 unsiya qızıl külçənin martın 31-də satışından aprel ayında 2,4 milyon ABŞ dolları gəlir əldə edilib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

44 - Tezliklə