AİH rəsmisi: "Xarici sərmayələrin cəlbi əsas hədəfimizdir"

Biznes
  • 23 sentyabr, 2025
  • 11:40
AİH rəsmisi: Xarici sərmayələrin cəlbi əsas hədəfimizdir
Anar Novruzov

Dövlət müəssisələrinin transformasiyası və xarici sərmayələrin cəlbi əsas hədəfimizdir.

"Report" xəbər verir ki, bunu Azərbaycan İnvestisiya Holdinqinin (AİH) İstehsal və təbii resurslar departamentinin rəhbəri Anar Novruzov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) ikinci günündə çıxışı zamanı deyib.

A. Novruzov bildirib ki, 2020-ci ilin avqustunda iqtisadi islahatlar çərçivəsində yaradılan AİH ölkənin ən iri dövlət müəssisələrini idarə edir.

Onun sözlərinə görə, AİH hər bir portfel şirkətində müşahidə şuraları və komitələr yaradıb, büdcələri təsdiqləyir, əsas performans göstəricilərini (Key Performance Indicator – KPI) müəyyənləşdirir və icranı ciddi şəkildə izləyir: "Bütün məlumatlar ‘Ümumi İnformasiya Sistemi" adlı unikal platformaya inteqrasiya edilib. Burada rəhbərlik həftəlik, aylıq və illik nəticələri izləyə bilir. Şirkətlərimiz beynəlxalq auditorlar tərəfindən yoxlanılır ki, qərarlar dəqiq məlumatlar əsasında verilsin".

A. Novruzov vurğulayıb ki, AİH Iqtisadi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) geniş qiymətləndirməsindən keçib: "OECD bizim və dövlət müəssisələrinin hesabatlılığının artırılması üçün konkret fəaliyyət planı hazırlayıb. Bu, şəffaflığın əsas istiqamətidir".

O bildirib ki, ikinci mühüm istiqamət isə xarici investisiyaların cəlbidir: "Yaxın Şərqdən tərəfdaşlarımızla 1 milyard ABŞ dolları həcmində birgə investisiya platforması yaratmışıq. Bunun 500 milyon ABŞ dolları Azərbaycan, 500 milyon ABŞ dolları isə Asiya İnkişaf Bankından (ADB) olan tərəfdaşlarımıza məxsusdur. Həmçinin "Samruk-Kazına" ilə 300 milyon ABŞ dollarlıq fond təsis edilib. Bu, başlanğıcdır, investisiya layihələri üzrə siyahı formalaşdırılır, maliyyə sektorunda yeni memorandumlar imzalanıb".

A. Novruzov qeyd edib ki, Çinlə də sıx əməkdaşlıq qurulub: "Çinin ən böyük holdinqi SASAC ilə birgə layihələr müzakirə olunur: "FiberHome" və "Xinhua Group" kimi şirkətlərlə potensial investisiya layihələri gündəmdədir".

O, sonda əlavə edib ki, AİH-nin əsas məqsədi dövlət müəssisələrinin dəyərini artırmaq, məlumatların idarə edilməsini gücləndirmək və strateji tərəfdaşlarla əməkdaşlıq vasitəsilə xarici sərmayəni Azərbaycana cəlb etməkdir.

Son xəbərlər

Bütün Xəbər Lenti