Aİ: “Azərbaycanla yeni sazişə dair danışıqların uğurla bitəcəyinə ümid edirik”

Biznes
  • 04 may, 2022
  • 08:51
Aİ: “Azərbaycanla yeni sazişə dair danışıqların uğurla bitəcəyinə ümid edirik”

Avropa İttifaqı (Aİ) Azərbaycanla hərtərəfli, yeni sazişin imzalanmasına dair danışıqların uğurla bitəcəyinə ümid edir.

Bunu “Report”a açıqlamasında Aİ-nın Azərbaycandakı nümayəndəliyinin proqram meneceri Rayner Frönd deyib.

"Təəssüf ki, koronavirus (COVID-19) pandemiyasına görə danışıqlarda qısamüddətli fasilə yarandı. Müzakirələr videokonfranslar vasitəsilə getsə də, Azərbaycan bu görüşlərin şəxsən keçirilməsini istəyirdi. Hazırda hər şey normala qayıdır, danışıqların uğurla yekunlaşacağına ümid edirik”, - o bildirib.

Xatırladaq ki, sözügedən sazişlə bağlı danışıqlar 2017-ci ildən başlayıb. Sənəd həm siyasi, həm də iqtisadi məsələləri əhatə edir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə bu il fevralın 4-də Aİ-nın qonşuluq və genişlənmə komissarı Oliver Varhelyi ilə keçirdiyi birgə mətbuat konfransında deyib ki, bu il sazişi imzalamaq mümkün olacaq.