Ağdamdakı metal elektrik dirəkləri zavodunun illik istehsal gücü 7,2 min tondur

Biznes
  • 25 dekabr, 2025
  • 13:30
Ağdamdakı metal elektrik dirəkləri zavodunun illik istehsal gücü 7,2 min tondur

Ağdam Sənaye Parkında istifadəyə verilən "Construction" MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin illik istehsal gücü 7,2 min tondur.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında "Construction" MMC-nin Baş mühəndisinin müavini Turqay Abdulzadə deyib.

Onun sözlərinə görə, Sənaye Parkının 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çin texnologiyası əsasında qurulub:

"Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 min 200 ton təşkil edir. Yeni müəssisənin yaradılmasına dövlət tərəfindən də dəstək verilib. Belə ki, müəssisənin inşasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,2 milyon manat zəmanətli kredit ayrılıb. Müəssisənin ümumi investisiya həcmi 2,96 milyon manatdır. Müəssisədə 32 daimi iş yeri yaradılıb. Burada istehsal olunan məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də ixrac ediləcək".

T.Abdulzadə onu da bildirib ki, müəssisə Sənaye Parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanıb. Həmçinin texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 443 min manat dəyərində ƏDV və gömrük rüsumlarına güzəşt əldə olunub.

Həmçinin bildirilib ki, Ağdam Sənaye Parkı işğaldan azad edildikdən sonra ölkə başçısının imzaladığı Fərmana əsasən, 190 hektar ərazidə yaradılıb. İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi məqsədilə yaradılan Sənaye Parkının əsas məqsədi Qarabağın sənaye potensialının inkişafı ilə yanaşı, həm də sahibkarlığın dəstəklənməsi və əhalinin məşğulluğunun artırılmasına dəstək verməkdir. Qeyd olunub ki, Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 312 milyon manatdan çox olan 32 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 142 milyon manat sərmayə yatırılıb, 970-ə yaxın daimi iş yeri yaradılıb. Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunmuş 945 milyon manat dəyərində məhsul satışı həyata keçirilib. Bunun da 39,5 milyon manatlıq hissəsi ixrac edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında "Construction" MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib.

Son xəbərlər

Bütün Xəbər Lenti