Ağdam ayaqqabı zavodu ixrac perspektivlərini açıqlayıb
- 16 oktyabr, 2024
- 13:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağdam Sənaye Parkında fəaliyyət göstərən və müxtəlif təyinatlı təhlükəsizlik ayaqqabıları, o cümlədən dəmir ucluqlu və altlıqlı çəkmələr istehsal edən “BAFCO İnvest” MMC artıq məhsullarını Rusiyaya ixrac etməyə başlayıb.
Bunu “Report”a açıqlamasında şirkətin direktoru Elnur Allahverdiyev bildirib.
Onun sözlərinə görə, 55 min ABŞ dolları dəyərində olan 3 300 cüt müxtəlif təyinatlı ayaqqabı Rusiya bazarına ixrac edilib və bu, nümunə xarakterli ilk partiya idi. “Növbəti 4-5 ay ərzində 15-16 min cüt ayaqqabı ixrac etməyi planlaşdırırıq. Qarşı tərəfin illik tələbatı isə 20-30 min cüt ətrafındadır”, - deyə Allahverdiyev qeyd edib. Şirkət, həmçinin İtaliya və İspaniya ilə yanaşı, Səudiyyə Ərəbistanı ilə də ixrac danışıqları aparır.
“BAFCO İnvest” Azərbaycanda Avropa sertifikatı alan ilk müəssisədir və istehsala bu ilin fevral ayında başlayıb. Şirkət artıq ölkədə 100-dən çox şirkətə məhsul satıb və son 3 ay ərzində 30 mindən çox cüt ayaqqabı satışını həyata keçirib.
E.Allahverdiyev bildirib ki, istehsal edilən ayaqqabılar tikinti, dağ-mədən işləri və haykinq kimi sahələrdə istifadə olunur. “Hazırda bazarda əsas rəqiblərimiz Çin, Rusiya və İran məhsullarıdır. Biz keyfiyyətli orta və yüksək səviyyəli təhlükəsizlik ayaqqabıları ilə rəqabət aparmağa hazırıq”.
Onun sözlərinə görə, məhsulların istehsalında dəri və poliuretan kimi materiallardan istifadə edilir: "Təhlükəsizlik ayaqqabıları üçün camış dərisi, adi ayaqqabılar üçün isə inək dərisi istifadə olunur. Camış dərisi daha möhkəm olduğundan təhlükəsizlik ayaqqabıları üçün daha uyğundur və hazırda Hindistan və Kambocadan idxal edilir. Poliuretan materialı isə Almaniyadan gətirilir. İstehsalda xaricdən gətirilən materialların istifadəsi məhsulun maya dəyərinə təsir edir".
Şirkət rəhbəri xatırladıb ki, sənaye parklarının rezidentləri dövlətin dəstəyi ilə qaz, işıq, su, kanalizasiya, fiber-optik şəbəkə, daxili avtomobil və dəmir yolları kimi infrastrukturla təmin edilirlər: "Bundan əlavə, onlar qeydiyyatdan keçdikləri tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, eləcə də texniki avadanlıqların və texnologiyaların idxalı zamanı ƏDV və gömrük rüsumlarından azaddırlar. Bu güzəştlər müəssisənin məhsullarının rəqabət qabiliyyətini artırmağa kömək edir".