ADB: "Rusiya və Ukraynadan tədarük qıtlığı Azərbaycan idxalına mənfi təsir göstərəcək"
- 06 aprel, 2022
- 10:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Fondunun aktivləri də daxil olmaqla ölkənin strateji valyuta ehtiyatları 2022-ci ildə 1,8 % artaraq 53 milyard ABŞ dollara, 2023-cü ildə isə 2,5 % artaraq 54,3 milyard ABŞ dollara çatacaq.
“Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) “Asian Development Outlook 2022” adlı yeni hesabatında bildirilir.
Sənədə görə, ixracın və qiymətlərin artımı nəticəsində cari əməliyyatlar hesabının profisiti ÜDM-in 20,2 %-inədək artacaq, 2023-cü ildə isə neft ucuzlaşdıqca və neft ixracatının cüzi azalması ilə ÜDM-in 16,3 %-inədək düşəcək.
Bu il ixracat gəlirlərinin 14 % artması ilə ticarət balansının qalığı 48,5 % artacaq. 2023-cü ildə ixracat gəlirlərinin artımı 10,1 % təşkil edəcək.
Bununla yanaşı, Rusiya və Ukraynadan daşımaların azalması və bəzi əmtəə növlərinə aksiz dəyərinin artımı üzündən ümumi idxalın həcminin 2022-ci ildə 10,3 %, 2023-cü ildə də 4,8 % azalacağı gözlənilir.
Xidmətlər balansındakı kəsir daha çox Körfəz ölkələrindən gələcək turist axını, habelə neft sektorunda irimiqyaslı tikinti işlərinin başa çatması hesabına azalacaq.
Hesabatda qeyd olunur ki, Rusiyanı bürüyən iqtisadi tənəzzül, rublun dəyərdən düşməsi nəticəsində Qafqaz və Mərkəzi Asiya ölkələrindən Rusiyaya ixracatına mənfi təsir göstərəcək: “Ermənistan və Gürcüstan ixracatının 20 %-inə qədəri, Qırğızstan və Özbəkistan ixracatının da 10 %-indən çoxu Rusiyanın payına düşür. Əsas etibarilə Avropa İttifaqına, Çinə və Türkiyəyə enerji daşıyıcıları və əlvan metallar ixrac edən Azərbaycan, Türkmənistan, Tacikistan üçün isə Rusiya bazarının təsiri nisbətən azdır. Rusiyadakı iqtisadi tənəzzül nəticəsində daha çox bu ölkədən böyük həcmdə məhsul idxal edən ölkələrə idxalatda çətinliklər yarana bilər. Belə ki, Gürcüstan istisna olmaqla Qafqaz və Mərkəzi Asiya ölkələrinin idxalatının 15 %-indən çoxu məhz Rusiyanın payına düşür. Bu göstərici Ermənistan, Qazaxıstan, Monqolustanda 25 %-dən artıqdır. Ukraynadakı müharibə üzündən bu ölkələrin bəziləri üçün ticarət zəncirləri pozula bilər”.