ADB: Azərbaycanın KOB sektoru "yaşıl iqtisadiyyat"ın əsas dayağına çevrilir
- 08 oktyabr, 2025
- 11:06

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan hökuməti ilə birgə kiçik və orta bizneslərin (KOB) potensialının gücləndirilməsi, onların "yaşıl maliyyə" və investisiyalara çıxış imkanlarının artırılması istiqamətində fəaliyyətini davam etdirir.
"Report" xəbər verir ki, bunu ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal II Azərbaycan Halal Biznes (AZHAB) Forumunun ikinci günündə keçirilən "Qlobal "yaşıl keçid" diskursunda KOB-ların rolunun artırılması: KOB-ların "yaşıl keçidi" üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə" adlı panel müzakirəsində deyib.
Onun sözlərinə görə, bu istiqamətlər Bakı İqlim Koalisiyası Bəyannaməsində öz əksini tapıb:
"Bu prosesdə KOBİA çox dəyərli rol oynayıb. Öhdəliklərin icrasını dəstəkləmək məqsədilə ADB və KOBİA artıq bir sıra konkret addımlar atıblar. Keçən il "yaşıl keçid"lə bağlı Anlaşma Memorandumu imzaladıq və bu sənəd Koalisiyaya dəstəyimizi təsdiqləyir."
S.Durrani-Camal qeyd edib ki, əməkdaşlıq üç əsas istiqaməti əhatə edir. Bunlar KOB-ların "yaşıl təşəbbüs"lərinin həyata keçirilməsinə dəstək; onların institusional və texniki potensialının gücləndirilməsi; "yaşıl maliyyə"yə çıxışın asanlaşdırılması və KOB-ların inkişafı üçün normativ-hüquqi mühitin təkmilləşdirilməsidir.
"Əminik ki, düzgün dəstək, tərəfdaşlıq və siyasət çərçivəsində KOB-lar təkcə iqtisadi dayanıqlılığın deyil, həm də bütün icmalar üçün daha dayanıqlı gələcəyin aparıcı qüvvəsinə çevrilə bilərlər", - deyə ADB nümayəndəsi vurğulayıb.