ADB: "ABŞ-nin tarif siyasəti Asiya ixracatçılarına ciddi ziyan vurub"

Biznes
  • 12 noyabr, 2025
  • 10:36
ADB: ABŞ-nin tarif siyasəti Asiya ixracatçılarına ciddi ziyan vurub

Mikro, kiçik və orta sahibkarlıq subyektləri daxili artımın sabit mühərriki olan və xarici şoklara qarşı dayanıqlılığı təmin edən iqtisadi təməl formalaşdırmalıdır.

"Report" xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) baş iqtisadçısı, qurumun İqtisadi Araşdırmalar və İnkişaf Departamentinin (ERDI) direktoru Albert Park Bakıda ADB-nin "Asiya Kiçik və Orta Sahibkarlıq Monitorinqi 2025"in (ASM 2025) təqdimat seminarında bildirib.

"Bu il ərzində qlobal ticarət mühitində güclü dəyişikliklər, xüsusilə də ABŞ-də idxal rüsumlarının artması və ticarət siyasətində görünməmiş qeyri-müəyyənliklərlə üzləşdik. Hazırda ABŞ-nin tarifləri demək olar ki, 90 il ərzində ən yüksək səviyyədədir və Asiyada əksər ixracatçılara kifayət qədər ciddi ziyan dəyib", - A.Park qeyd edib.

Onun sözlərinə görə, ASM 2025 Asiya və Sakit okean regionu ölkələrinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafını necə dəstəklədiyini göstərir.

"Hesabat təsdiq edir ki, mikro, kiçik və orta sahibkarlıq subyektləri inkişaf etməkdə olan Asiya regionu boyunca genişlənməyə davam edir. Onların bəziləri böyük şirkətlərə çevrilib ki, bu da 2024-cü ildə dayanıqlı inkişafı əks etdirir. Lakin bu subyektlərin əksəriyyəti hələ də ənənəvi sektorlarda - daxili ticarət, kənd təsərrüfatı, kiçik miqyaslı istehsal, subpodrat və autsorsinqdə cəmləşib. Nisbətən az sayda müəssisə innovativ xidmət sektorlarında fəaliyyət göstərir və ya texnoloji startapları təmsil edir. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin milli inkişaf strategiyaları məhz belə müəssisələrin - kiçik texnoloji istehsalçıların və startapların, eləcə də innovasiyanın mühərriki olan sahibkarların dəstəklənməsinə yönəldilməlidir", - iqtisadçı vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti