ABŞ əmək bazarında durğunluq gözlənilir

Biznes
  • 09 oktyabr, 2020
  • 14:09
ABŞ əmək bazarında durğunluq gözlənilir

ABŞ-da koronavirus epidemiyasının davam etməsi, yeni dəstək tədbirləri ilə bağlı qeyri-müəyyənlik və qarşıdakı prezident seçkilərilə bağlı əmək bazarında durğunluq gözlənilir.

“Report” xəbər verir ki, WSJ tərəfindən oktyabrın 2-dən 6-dək keçirilmiş sorğuda iştirak edən 63 iqtisadi ekspertinin mütləq əksəriyyəti pandemiya üzündən bağlanmış iş yerlərinin tam olaraq 2023-cü ilədək bərpa olunmayacağı qənaətindədir.

Belə ki, sentyabr ayının əvvəlindən işsizliyin azalması proqnozları üstələsə də, məşğulluğun artımının azalması nəticəsində iqtisadiyyatda koronavirusun fəsadlarının hələ uzun müddət hiss olunacağı barədə mülahizələri güclənib.

Əmək Departamentinin rəsmi məlumatlarına görə, ölkədə iş yerlərinin sayı avqust ayında 1 mln 489 min, sentyabr ayında isə 661 min artıb, halbuki ekspertlər sentyabr ayında artımın 850 min olacağını güman edirdilər. İşsizlik səviyyəsi avqustda 8,4 faiz, sentyabrda isə ekspertlərin güman etdiyi 8,2 faizə qarşı 7,9 faiz azalıb. “Oxford Economics”in ABŞ üzrə baş iqtisadçısı Qreqori Dako bildirib: “Əmək bazarının artım sürətinin azalması iqtisadiyyatın daha geniş dirçəlməsi baxımdan yaxşı hal deyil və böhranın fəsadlarının gücləndiyinə dəlalət edir”.

Əmək Departamentinə görə, pandemiya dövründə bağlanan 4 milyona yaxın iş yeri əyləncə və mehmanxana sektorlarının payına düşür. Ekspertlərə görə, yoluxma sayının yüksək olduğu üzündən mehmanxana və səyahət sektorunun dirçəlməsi gözləndiyindən ləng gedir və məşğulluğun cari ilin fevral ayı səviyyəsinə qayıtması xeyli uzun çəkəcək.

Sorğu iştirakçılarının 34,7 faizi əmək bazarının pandemiyadan əvvəlki səviyyəyə 2022-ci ildə, 42,9 faizi 2023-cü ildə, 12,9 faizi daha sonra, 2 faizinə yaxını isə hətta 2030-cu ildə qayıdacağını bildiriblər.

Həmçinin gələn ay keçiriləcək prezident seçkilərinin əvvəlkilərindən daha müəmmalı olmasına dair qənaət irəli sürülüb. Belə ki, sorğu iştirakçılarının 80 faizi mövcud seçki sisteminin maliyyə bazarında daha çox qeyri-müəyyənlik yaratdığı, 57,4 faizi ÜDM-in 2019-cu ilin dördüncü rübündəki pik səviyyəsinə gələn il, 18,5 faizi isə 2022-ci ildə qayıdacağını güman edir.

Ekspertlərin fikrincə, ÜDM 2020-ci ildə 3,6 faiz azalacaq, 2021-ci ildə 3,7 faiz, 2022-ci ildə isə 3 faiz artacaq.