ABİF: Almaniyanın şirkətləri ilə birgə icra olunan layihələri dəstəkləyirik
- 27 oktyabr, 2026
- 10:11
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC (ABİF) Almaniya şirkətlərinin avadanlıqlarından istifadə etməklə icra olunan layihələri dəstəkləyir.
"Report" xəbər verir ki, bunu ABİF-nin İnvestisiya Departamentinin direktoru Mikayıl Əliyev Bakıda keçirilən Alman-Azərbaycan biznes konfransında bildirib.
Onun sözlərinə görə, Almaniya şirkətləri ilə əməkdaşlıq Fondun maliyyələşdirdiyi layihələri də əhatə edir: "Məsələn, arpa maltının emalı, sərinləşdirici içkilərin istehsalı və BOPP plyonkasının istehsalı üzrə bir neçə layihəmiz var. Bu layihələr çərçivəsində avadanlıqları Almaniya şirkətləri təmin edir".
O xatırladıb ki, ABİF biznes subyektlərini müxtəlif maliyyələşdirmə mexanizmləri ilə dəstəkləyən dövlət qurumudur: "Bu mexanizmlərə səhmdar investisiyaları, güzəştli kreditlər, dövlət zəmanəti və faiz subsidiyaları daxildir. Hazırda Fondun idarəetməsində olan aktivlərin dəyəri təxminən 950 milyon ABŞ dolları təşkil edir. Fəaliyyətimizin əsas diqqət mərkəzində üç məqsəd dayanır. Birincisi, iqtisadi artımı və iqtisadiyyatın şaxələndirilməsini dəstəkləmək, ikincisi, Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsinə töhfə vermək və üçüncü məqsəd isə idxaldan asılılığı azaldan və rəqabətqabiliyyətli məhsulların istehsalını təşviq edən layihələrə sərmayə qoymaqdır".