Seymur Səfərli: "Azərbaycanda əkin sahələrinin 300 min hektara çatdırılması hədəflənir"
- 22 iyun, 2026
- 12:09
Azərbaycanda müasir suvarma sistemləri ilə əkin sahələrinin 300 min hektara çatdırılması hədəflənir.
"Report"un Biləsuvara ezam olunmuş müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.
Onun sözlərinə görə, regionun kənd təsərrüfatının inkişafı birbaşa su təminatı və torpaqların meliorativ vəziyyəti ilə bağlıdır: "Su ehtiyatlarının məhdud olduğu şəraitdə əsas vəzifə daha çox su tələb etmək deyil, mövcud sudan daha səmərəli istifadə etməkdir. Dövlət Proqramına əsasən, ölkə üzrə müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin 130 min hektardan 300 min hektara çatdırılması nəzərdə tutulur. Şirvan–Salyan iqtisadi rayonu da bu prosesdə fəal iştirak etməlidir".
O qeyd edib ki, pambıq, taxıl, yem bitkiləri və bostan sahələrində torpaq və bitki xüsusiyyətlərindən, eləcə də sahələrin ölçüsündən asılı olaraq damcı, sprinkler və pivot suvarma texnologiyalarından istifadə edilməlidir.