Ötən il "İvanovka Aqropark"da 17 min tona yaxın məhsul istehsal edilib
- 24 iyun, 2026
- 11:40
2025-ci ildə "İvanovka Aqropark"da təxminən 17 min ton məhsul istehsal edilib, 600 ton mal isə ixrac edilib.
"Report"un İsmayıllıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "İvanovka Aqropark" ASC-nin rəhbəri Ramin Əlifov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, aqroparkın yaradılmasına əsas məqsəd işyerlərinin yaradılmasına və ərzaq təhlükəsizliyinə töhfə verməkdir: "Aqropark rezidenti olaraq qeydiyyatdan keçmişik. Əkinçilik və bağçılıq sahəsi üzrə ixtisaslaşmış və mövcud heyvandarlığımızla fəaliyyət göstəririk. Bizim layihə dəyərimiz 25 milyon 100 min manatdır. "İvanovka Aqropark"ın 5 200 hektardan artıq əkin ərazisi var. Qısa müddətdə fəaliyyət göstərməyimizə baxmayaraq, kifayət qədər uğurlarımız olmuşdur. Keçən il 17 min tona yaxın məhsul istehsal olunub, 600 ton məhsul isə ixrac edilib. Əsas uğurlarımızdan biri də toxumçu kimi fəaliyyət göstərməyimizdir. Bu il 1 300 hektardan artıq yerli və xarici sort toxumlarının əkinini həyata keçirmişik".
R.Əlifov qeyd edib ki, İvanovka ərazilərinin su təminatının yaxşılaşdırılması məqsədilə nasosxana, magistral su kəməri və 100 min kubluq su rezervuarının tikintisi həyata keçiriləcək: "Bizim də bu istiqamətdə layihələrimiz var. 1 000 hektar pivot, müasir pivot suvarma sistemləri və 500 hektar damlama suvarma, damlama meyvə bağları qurmaq planımız var. Pivot suvarma sistemlərinin çəkilməsi əsas ərzaqlıq buğda layihəsinə qoşulmağa imkan verəcək. Əsas da ərzaqlıq buğdanın və toxumçuluqla bərabər ərzaqlıq buğdanın əkinini də həyata keçirəcəyik. Məqsədimiz əsas yem bazasının yaradılması və mövcud heyvandarlıqların inkişafını və ət-süd məhsullarının istehsalını inkişaf etdirmək və tarladan süfrəyə dəyər zəncirini yaratmaqdır".