Nigeriya rəsmisi: "Qlobal halal iqtisadiyyatın dəyəri 7 trilyon dolları keçib"
- 16 iyun, 2026
- 16:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Halal iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr üçün iqtisadi transformasiya baxımından əhəmiyyətli imkanlar təqdim edir.
"Report" xəbər verir ki, bunu Nigeriya prezidenti aparatının rəhbərinin müavini Ibrahim Hassan Hadeja Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində baş tutan "Davamlı Regional İnteqrasiya üçün Halal İqtisadiyyat" tədbirində deyib.
O bildirib ki, halal iqtisadiyyatı bu gün dünya miqyasında halal iqtisadiyyatı ticarətin, investisiyanın, sənaye inkişafının, ərzaq təhlükəsizliyinin, maliyyə əlçatanlığının və davamlı artımın əsas hərəkətverici qüvvəsinə çevrilib: "Bu gün qlobal halal iqtisadiyyatının dəyəri 7 trilyon ABŞ dollarından çox təxmin edilir və ərzaq və içkilər, heyvandarlıq, kənd təsərrüfatı, əczaçılıq, kosmetika, turizm, logistika, səhiyyə, istehsalat və İslam maliyyəsi sahələrini əhatə edir. O, qlobal iqtisadiyyatın ən sürətlə inkişaf edən seqmentlərindən birini təmsil edir".
Onun sözlərinə görə, Nigeriya üçün halal iqtisadiyyatı sadəcə dini və ya mədəni təklif deyil, iqtisadi fürsətdir: "ÜDM-ə görə Afrikanın ən böyük iqtisadiyyatı və 230 milyondan çox əhalisi ilə qitənin ən çox əhaliyə malik millətlərindən biri olaraq, Nigeriya Afrikada aparıcı halal iqtisadiyyat mərkəzinə çevrilmək üçün tələb olunan əsas potensiala malikdir. Ölkədə geniş kənd təsərrüfatı resursları, qitədəki ən böyük heyvandarlıq populyasiyalarından biri, inkişaf edən İslam maliyyə ekosistemi, regional və beynəlxalq bazarlara strateji çıxış imkanı və qlobal dəyər zəncirlərində iştirak etməyə can atan canlı sahibkarlıq əhalisi var".