Nazirlik rəsmisi: "Azərbaycanın aqrar sahədə süni intellekt təcrübəsi dünyada qabaqcıl nümunədir"
- 08 sentyabr, 2026
- 12:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın aqrar sahədə süni intellekt təcrübəsi dünyada qabaqcıl nümunələrdən birinə çevrilir.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Surxay Novruzov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 2-i günündə bildirib.
"Azərbaycanın kənd təsərrüfatı siyasətinə və süni intellekt siyasətinə ümumi, yüksək səviyyəli baxış keçirsək, görərik ki, bu sahədəki təcrübəmiz hazırda dünyada qabaqcıl nümunələrdən birinə çevrilir. Bunu təkcə biz demirik. Beynəlxalq təşkilatlar, xüsusilə ən yaxın dəstəkçilərimizdən olan Asiya İnkişaf Bankı (AİB), bu prosesdə dəstəkçimiz olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və dünyanın aparıcı konsaltinq şirkətlərindən biri olan "McKinsey & Company" bu layihədə bizə dəstək verirlər. Onlar təcrübəmizi beynəlxalq platformalara çıxarırlar. Bu o deməkdir ki, biz həqiqətən yaxşı nəticələr əldə etmişik. Hətta sərhəd və siyasi baxımdan bizə yaxın olan ölkələr də təcrübəmizlə maraqlanırlar. Moldova, Özbəkistan, Qırğızıstan və bəzi qonşu ölkələrlə artıq təcrübəmizi bölüşmüşük və digər ölkələrlə də bunu davam etdirməyə hazırıq", - deyə o qeyd edib.
Nazirlik rəsmisinin sözlərinə görə, iki il əvvəl bu layihəyə başlayanda bir növ hibrid modullardan, yəni ənənəvi rəqəmsal modellərdən istifadə ediib: "İki il ərzində modellərimizi yenilədik və prosesə daha çox süni intellekt inteqrasiya etdik. Bu gün Azərbaycanda ibtidai rəqəmsal biliklərə malik sadə bir fermer öz təsərrüfatını rahatlıqla idarə edə bilir. Bura təkcə bu gün bir neçə dəfə qeyd olunan iqlim və ya peyk məlumatları daxil deyil. Fermerlər gündəlik idarəetmə işlərinə də süni intellekti tətbiq edə bilirlər. Çünki hazırda "agentik AI" texnologiyalarına çıxışımız daha genişdir. Kompüterinizdə olan məlumatları sistemə qoşmaqla idarəetməni sistemə həvalə edə bilərsiniz. Məsələn, gübrə və dərman ehtiyatınızı "ChatGPT"yə və ya bulud sisteminə daxil edə, iqlim məlumatlarını, hətta açıq mənbəli iqlim məlumatlarını vahid platformaya inteqrasiya edə bilərsiniz. Sistem sizə növbəti 3-4 gün ərzində hansı zərərverici və ya xəstəlik risklərinin olduğunu, əlinizdə olan maddələrlə bunlara qarşı necə mübarizə apara biləcəyinizi və yaxud ilkin xəbərdarlıq siqnallarını dəqiq şəkildə göstərə bilər".