Murad Atacanov: "Akvakultura ehtiyatlarından məsuliyyətli istifadəsinə keçid Xəzər üçün vacibdir"
- 05 noyabr, 2026
- 13:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda akvakultura sahəsi vəhşi təbii ehtiyatların mənimsənilməsindən onların məsuliyyətli şəkildə yetişdirilməsinə keçidin ən mühüm alətinə çevrilir və bu, Xəzər dənizi üçün də xüsusilə vacibdir.
"Report" xəbər verir ki, bunu Türkmənistanın Xəzər dənizi İnstitutunun müdiri Murad Atacanov Bakıda keçirilən I Akvakultura Forumu çərçivəsində panel müzakirələrdə deyib.
O bildirib ki, çünki söhbət beş dövlətin ortaq ekosistemindən gedir. Xəzər dənizi beş sahilyanı dövləti birləşdirən unikal təbii sistemdir. Balıqların və suiti balalarının miqrasiyaları, ortaq ehtiyatların populyasiyalarının vəziyyəti, xəstəliklərin və çirkləndirici maddələrin yayılması dövlət sərhədləri və ya delimitasiya xətləri ilə məhdudlaşmır. Bu, bilavasitə akvakulturaya da aiddir, çünki vəhşi populyasiyaların genetik təhlükəsizliyini, təsərrüfatların, su götürmə və axıtma qurğularının yerləşdirilməsinin ekoloji nəticələrini nəzərə almaq lazımdır. Milli akvakultura sahələrinin inkişafı ortaq regional maraqların nəzərə alınması ilə müşayiət olunmalıdır, buna görə də burada əməkdaşlıq obyektiv zərurətdir".
"Bu, dünya ərzaq sistemində struktur dəyişikliyindən xəbər verir. Bu gün akvakultura təkcə iqtisadiyyat sahəsi deyil, həm də ərzaq təhlükəsizliyinin təmin edilməsi və təbii ehtiyatlardan dayanıqlı istifadə vasitəsidir. Bu sahənin inkişafı sadəcə balıq məhsulları istehsalının artırılması deyil, həm də əhalinin tamqiymətli qidaya çıxışının genişləndirilməsi deməkdir. Bu da bilavasitə insanların sağlamlığı və həyat keyfiyyəti ilə bağlıdır. Balıqçılıq, şübhəsiz, qorunub saxlanılmalıdır, lakin elmi əsasla tənzimlənməlidir. Eyni zamanda, akvakulturanın fəal inkişafı və məsuliyyətli yetişdirmə modelinə tədricən keçid Xəzər dənizi üçün xüsusilə aktualdır", - M.Atacanov qeyd edib.