Məcnun Məmmədov: "Məlumat infrastrukturuna, insan kapitalına sərmayə qoymalıyıq"

ASK
  • 08 sentyabr, 2026
  • 10:39
Məcnun Məmmədov: Məlumat infrastrukturuna, insan kapitalına sərmayə qoymalıyıq

Ölkələr yalnız texnologiyaya deyil, eyni zamanda məlumat infrastrukturuna, insan kapitalına, institusional potensiala və rəqəmsal bacarıqlara sərmayə qoymalıdır.

"Report" xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın ikinci günündə bildirib.

"COP31-ə doğru irəlilədiyimiz bir dövrdə hökumətlər, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və digər beynəlxalq təşkilatlar, inkişaf və maliyyə institutları, elmi-tədqiqat dairələri və özəl sektor arasında əməkdaşlığı daha da gücləndirməliyik. Ən əsası, bu transformasiya fermeryönümlü və inklüziv olmalıdır. Kiçik fermer də iri kənd təsərrüfatı müəssisəsi qədər rəqəmsal transformasiyanın yaratdığı imkanlardan faydalana bilməlidir. Müzakirə etdiyimiz transformasiya yalnız texnoloji dəyişiklikdən ibarət deyil. Düzgün məhsul istehsalı, resursların idarə edilməsi, risklərin qabaqcadan müəyyənləşdirilməsi və fermerlərə düzgün və vaxtında dəstəyin göstərilməsi ən vacib məsələlərdəndir", - o vurğulayıb.

Nazir qeyd edib ki, məsuliyyət innovasiyanın dayanıqlılığa, məlumatın daha düzgün qərarların qəbuluna, texnologiyanın isə nəticə etibarilə insanlara xidmət etməsini təmin etməkdir: "Azərbaycan bu gündəliyin həm milli səviyyədə irəlilədilməsinə, həm də regional və beynəlxalq əməkdaşlıq vasitəsilə təşviqinə sadiqdir. Ümid edirəm ki, bugünkü dəyirmi masa ortaq məqsədlərimizi daha güclü tərəfdaşlıqlara, daha geniş investisiya imkanlarına və fermerlər, ərzaq təhlükəsizliyi və iqlim dayanıqlılığı üçün praktik həllərə çevirməyə töhfə verəcək".

44 - Tezliklə