Məcnun Məmmədov: "Fermerlərə torpaq konsolidasiyası çərçivəsində təşviq mexanizmləri tətbiq olunacaq"

ASK
  • 12 iyun, 2026
  • 12:34
Məcnun Məmmədov: Fermerlərə torpaq konsolidasiyası çərçivəsində təşviq mexanizmləri tətbiq olunacaq

Azərbaycanda kənd təsərrüfatı sahəsində istifadə olunan torpaqların konsolidasiyasına dair birinci pilot layihənin Qəbələ və Saatlı rayonları ərazisində reallaşdırılması nəzərdə tutulur.

"Report"un Zəngilan rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə əlaqədar təşkil edilmiş müşavirədə bildirirb.

Nazirin sözlərinə görə, layihə 32 kəndi və ümumilikdə təxminən 20 min hektar ərazini əhatə edəcək.

"Hazırda ölkə üzrə torpaq sahələrinin ifrat dərəcədə parçalanması aqrar sektorun inkişafının qarşısını alan başlıca problemlərdəndir. Azərbaycanda 124 min fermerin iki və daha artıq torpaq sahəsi mövcuddur. Bəzi fermerlərin 6 hektarlıq torpaq sahəsi 8-9 fərqli əraziyə bölünmüş şəkildədir. Bu vəziyyət həm istehsal məsrəflərini yüksəldir, həm də innovativ texnologiyaların tətbiqini mürəkkəbləşdirir", - deyə o qeyd edib.

M. Məmmədov bildirib ki, pilot layihə daxilində fermerlərin parçalanmış torpaq sahələrinin vahid massivdə birləşdirilməsi, kadastr və koordinat problemlərinin aradan qaldırılması, eləcə də suvarma və drenaj infrastrukturunun yaradılması planlaşdırılır:

"Layihə çərçivəsində hər bir torpaq sahəsinin yola, su mənbəyinə və zərurət olduğu hallarda drenaj sistemlərinə çıxışı təmin olunacaq. Bütün bu işlər dövlət büdcəsi hesabına icra ediləcək. Konsolidasiya prosesinə qoşulan fermerlər üçün əlavə stimullaşdırıcı mexanizmlərin tətbiqi də planlaşdırılır. Torpaq sahələrinin birləşdirilməsi və müasir suvarma sistemlərinin quraşdırılması sayəsində kənd təsərrüfatında məhsuldarlıq və rentabellik nəzərəçarpacaq səviyyədə yüksələcək".

44 filmi