Məcnun Məmmədov: "Ekstensiv təsərrüfatçılıqdan intensiv təsərrüfatçılığa keçmək istəyirik"

ASK
  • 05 oktyabr, 2026
  • 11:56
Məcnun Məmmədov: Ekstensiv təsərrüfatçılıqdan intensiv təsərrüfatçılığa keçmək istəyirik

Dövlət proqramının əsas məqsədi ekstensiv təsərrüfatçılıqdan intensiv təsərrüfatçılığa keçiddir.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdamda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunmuş "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsində bildirib.

"Bu, sadə ifadə kimi səslənə bilər. Amma ilk növbədə əsas məqsəd məhz zehinlərdə bu keçidə nail olmaqdır. Biz "daha çox sahə əkək, daha çox heyvan saxlayaq, daha çox resurs istifadə edək və daha çox məhsul istehsal edək" məntiqindən uzaqlaşmalıyıq. Daha az resursla daha çox məhsul istehsal etməli, daha dəyərli məhsul yaratmalı, həm ərzaq təhlükəsizliyini təmin edəcək məhsulların istehsalına, həm də ölkəyə valyuta gətirəcək ixrac məhsullarının artırılmasına nail olmalıyıq. Paralel olaraq, sadəcə məhsul istehsalı ilə kifayətlənməyərək, dəyər zəncirində həmin məhsulların emal olunması, daha dəyərli məhsulların istehsal edilməsi və onların həm yerli, həm də ixrac bazarlarında satılması nəzərdə tutulur. İxrac bazarlarına sadəcə xammal deyil, markalaşan, brendləşən, daha dəyərli məhsulların çıxarılması qarşıya məqsəd qoyulub", - deyə o qeyd edib.