Fərid Nəcəfov: "İnsan sağlamlığı səmərəli əmək fəaliyyətinin şərtlərindəndir"

ASK
  • 24 noyabr, 2026
  • 15:41
Fərid Nəcəfov: İnsan sağlamlığı səmərəli əmək fəaliyyətinin şərtlərindəndir

İnsan sağlamlığı səmərəli əmək fəaliyyətinin ən böyük şərtlərindəndir.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov "Hədəf 130/80" layihəsinin təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, insan sağlamlığı onun əmək fəaliyyəti üçün olduqca vacibdir: "Sağlam insan kapitalının formalaşdırılması və qorunması yalnız səhiyyə sisteminin deyil, bütövlükdə dövlət qurumlarının və cəmiyyətin ortaq məsuliyyətidir. Hər bir təşkilatın ən qiymətli sərvəti məhz onların insan resurslarıdır".

F.Nəcəfov bildirib ki, müasir dövrdə qeyri-infeksion xəstəliklər, xüsusilə ürək-damar xəstəlikləri, qan təzyiqi ictimai səhiyyənin ən aktual problemlərindən biridir: "Bu xəstəliklərin qarşısının alınmasında erkən aşkarlanma, müntəzəm tibbi müayinələr və sağlam həyat tərzi ilə bağlı maarifləndirmə mühüm rol oynayır. Bu baxımdan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşəbbüsü və tərəfdaş qurumların birgə əməkdaşlığı ilə həyata keçirilən "Hədəf 130/80" layihəsini olduqca əhəmiyyətli və təqdirəlayiq təşəbbüsdür".

O vurğulayıb ki, layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatında, tabe qurumlarında mərhələli şəkildə maarifləndirmə, profilaktik müayinə tədbirlərinin keçirilməsi nəzərdə tutulur: "Bu məqsədlə müvafiq müəssisələrdə həkim briqadalarının bir neçə gün ərzində fəaliyyət göstərməsi, fəaliyyət göstərməsi üçün zəruri şərait yaradılacaq. Həmin müddətdə əməkdaşlarımızın qan təzyiqi və bədən çəkisi ölçüləcək, sağlamlıq vəziyyətləri ilə bağlı müvafiq sorğular aparılaraq, eləcə də sağlam həyat tərzinə dair mütəxəssislər tərəfindən tövsiyələr veriləcək".