FAO: Daha az resursla daha yüksək məhsuldarlığa nail olmaq lazımdır

ASK
  • 08 sentyabr, 2026
  • 11:15
FAO: Daha az resursla daha yüksək məhsuldarlığa nail olmaq lazımdır

Daha az su və resursla daha yüksək kənd təsərrüfatı məhsuldarlığına nail olmaq lazımdır.

"Report" xəbər verir ki, bunu BMT-nin ölkədəki əlaqələndiricisi adından BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 2-ci günündə bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı həm iqlim dəyişikliyinə səbəb olan, həm də iqlim dəyişikliyindən təsirlənən sahələrdən biridir: "Hazırkı mərhələdə fəaliyyət göstərmək həqiqətən çox vacibdir. İqlim dəyişikliyinin təsirlərini geriyə qaytara biləcəyimiz vaxta qədər uyğunlaşma üzərində işləməliyik. Artan temperatur, uzun sürən quraqlıqlar, torpaqların deqradasiyası, su çatışmazlığı və daha tez-tez baş verən kəskin hava hadisələri artıq kənd təsərrüfatına təsir edir".

M.Nasar Hayat qeyd edib ki, bütün dünyada ərzaq təhlükəsizliyi ciddi şəkildə təsirə məruz qalır və 733 milyon insan ərzaq çatışmazlığından əziyyət çəkir: "Eyni zamanda, qlobal ərzağa olan tələbat artır. Kənd təsərrüfatı məhsuldarlığı 20 % azaldığı dövrdə, tələbat artıb. Demək, biz elə bir vəziyyətlə üz-üzəyik ki, fəaliyyət göstərilməzsə, bu fərq böyüməyə davam edəcək. Bu o deməkdir ki, qarşıda duran vəzifəmiz sadəcə daha çox ərzaq istehsal etmək deyil. Biz fermerlərin dəyişən iqlim şəraitinə uyğunlaşmasını və dolanışıqlarını qoruyub saxlaya bilməsini təmin etməklə yanaşı, daha az təbii resurslardan istifadə edərək daha çox istehsal etməliyik".