FAO: Azərbaycanın kənd təsərrüfatında süni intellekt geniş tətbiq olunacaq
- 08 sentyabr, 2026
- 12:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın kənd təsərrüfatında süni intellekt və rəqəmsal alətlər geniş tətbiq olunacaq.
"Report" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 2-ci günü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, kənd təsərrüfatı sektorunun təkmilləşdirilməsi və iqlim dəyişikliyinə uyğunlaşması üçün süni intellekt tətbiqi böyük əhəmiyyət kəsb edir: "Biz Kənd Təsərrüfatı Nazirliyi ilə birgə iki əsas istiqamətdə çalışırıq. Birincisi, nazirin bu gün dəyirmi masadakı çıxışında qeyd etdiyi təsərrüfatların davamlılığının qiymətləndirilməsi sisteminin hazırlanmasıdır. İkincisi isə Nazirlik tərkibindəki xüsusi qurumla birlikdə süni intellektin birbaşa təsərrüfat səviyyəsində tətbiq olunmasıdır".
M.Nasar Hayat deyib ki, hazırda fermer tətbiqi və böyük təsərrüfatlar üçün əlçatan olan bir sıra başqa rəqəmsal alətlər mövcuddur: "Lakin biz "Azərkosmos" və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bu xidmətləri kiçik fermerlər üçün də əlçatan etməyə çalışırıq. Məqsədimiz yaxın gələcəkdə Azərbaycandakı bütün fermerlərin yalnız rəqəmsal xidmətlərə deyil, həm də bazar, iqlim, hava şəraiti və digər zəruri məlumatlara çıxışını təmin etməkdir".