Elene Qubianuri: "Gürcüstanda illik akvakultura istehsalı təxminən 2 500 ton təşkil edir"
- 05 noyabr, 2026
- 12:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanda illik akvakultura istehsalı təxminən 2 500 ton təşkil edir.
"Report" xəbər verir ki, bunu Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Ətraf Mühit Agentliyinin sədri Elene Qubianuri Bakıda keçirilən I Akvakultura Forumu çərçivəsində panel müzakirələrdə bildirib.
"Bu, çox olmasa da ölkədə potensial gördüyümüz üçün hökumət özəl sektorla sıx əməkdaşlıq edərək dəstək mexanizmləri hazırlayır və biznes problemlərini həll edir. Məqsədimiz addım-addım akvakultura sektorunun yüksək standartlara uyğun inkişaf etdirildiyi mərhələyə çatmaqdır. Statistikaya gəlincə, Gürcüstanda əsas akvakultura növləri əsasən göy qurşağı alabalığı və digər lososkimilərdir. Onlardan sonra çəkikimilər və nərə balıqları gəlir. Lososkimilər, xüsusən göy qurşağı alabalığı ən çox tələb olunan növ olaraq qalır", - o qeyd edib.
Kommersiya balıqçılıq resurslarına toxunan Agentlik rəsmisi onların əsasən dəniz akvakulturasına əsaslandığını deyib: "Gürcüstanda uzunmüddətli icazələrə malik beş kommersiya lisenziyamız var. İllik əsasda Milli Ətraf Mühit Agentliyinin balıqçılıq və akvakultura qrupu dəniz akvakulturası üçün kvotaları təsdiq etmək məqsədilə elmi tədqiqatlar aparır. Ən çox tələb olunan növümüz dəniz akvakultura potensialımızın təxminən 95 %-ni təşkil edən hamsidir. Bu il üçün 90 000 ton təsdiq etdik. Adətən bu, 70 000 ilə 90 000 ton arasında dəyişir. Daxili bazarları təmin etməklə yanaşı, lisenziya sahiblərimiz balıq unu və balıq yağını digər ölkələrə ixrac edir və tələb artır. Buna görə də hökumət yeni texnologiyaların tətbiqi və ətraf mühit standartlarının qorunması kimi inkişaf öhdəlikləri müəyyən edir".
E.Qubianuri qeyd edib ki, sektor inkişaf etməkdə olsa da, hələ də problemlərlə üzləşirlər: "Özəl sektor, QHT-lər, balıqçılıq assosiasiyaları və balıqçılarla məsləhətləşmələr əsasında daha yaxşı hüquqi və tənzimləyici çərçivə hazırlamağı və özəl investorların marağını artırmaq üçün dəstəkləyici mexanizmlər tətbiq etməyi planlaşdırırıq. Həmçinin regional əməkdaşlıqda böyük potensial görürük, təkcə Azərbaycanla deyil, Türkiyə kimi yüksək standart təcrübəsinə malik digər qonşu ölkələrlə də. Elmi səviyyədə komandalarımız artıq əlaqədədir. Bir-birinin təcrübəsindən öyrənmək çox vacibdir, bəlkə də heyvan sağlamlığı, biotəhlükəsizlik tədqiqatları və bacarıqların inkişafına yönəlmiş işçi qrupları yaratmaqla. Ehtiyac duyduğumuzu öyrənmək və paylaşa bildiyimizi bölüşmək üçün daha sıx əməkdaşlıqdan çox məmnun olarıq".
O vurğulayıb ki, Gürcüstan çox zəngin su ehtiyatlarına, o cümlədən çaylar, göllər və su anbarlarına sahibdir: "Xoşbəxtlikdən, bizdə həm də Qara dəniz sahili var. Hökumət sektoru inkişaf etdirməyə başlayıb və Aİ ilə Assosiasiya Sazişinin imzalanmasından sonra biz beynəlxalq standartlara və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq hüquqi və normativ bazanı inkişaf etdirməyə başladıq".