EBRD Azərbaycan şirkətinə istixananın genişləndirilməsi üçün kredit ayırıb

ASK
  • 10 noyabr, 2022
  • 13:13
EBRD Azərbaycan şirkətinə istixananın genişləndirilməsi üçün kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın “H and M Agro” MMC-yə Salyan şəhərində hidroponik istixananın sahəsinin hazırkı 5 hektardan 10 hektara qədər genişləndirilməsi üçün 2 milyon ABŞ dollarının manat ekvivalentində yüksək təminatlı kreditin ayrılmasını təsdiqləyib.

"Report" EBRD-yə istinadən xəbər verir ki, layihənin ümumi dəyəri 3,98 milyon ABŞ dollarıdır.

Layihə yeni hidroponik istixanaların quraşdırılmasını dəstəkləyir ki, bu da adi istixanalarla müqayisədə məhsuldarlığı artırmağa və su sərfiyyatını azaltmağa imkan verəcək.

"Kredit ölkədə mövcud olmayan şərtlərlə (uzunmüddətli və əsas borcun qaytarılmasında güzəşt müddəti ilə) verilir. Yerli banklar nadir hallarda KOS subyektlərinə uzunmüddətli kreditlər verir. Bundan başqa, yerli bankların təqdim etdiyi kreditlərin güzəşt müddəti ya olmur, yaxud çox məhdud (3 aya qədər) olur. Əksər hallarda yerli bankların təqdim etdiyi kreditlər 1 il müddətinə verilir və ödəmə müddəti bitdikdə uzadılır.

Güzəşt müddətinə malik daha uzunmüddətli kreditin olması borcalana investisiya pul vəsaitlərinin axınını borc xidməti ödənişləri ilə daha yaxşı uyğunlaşdırmağa imkan verəcək”, - EBRD vurğulayır.

“H və M Agro” şirkəti tərəvəz becərilməsi üçün yeni hidroponik istixana quraşdıracaq. Şirkətin “FINTECC EU4Climate” pəncərəsi çərçivəsində məqbul xərclərin 13 %-dək həcmində stimullaşdırıcı qrant alacağı gözlənilir.

Qeyd edək ki, “H and M Agro” MMC pomidor, xiyar və bibər yetişdirilməsi üçün müasir istixanaların istismarını həyata keçirən şirkətdir. Şirkət tam olaraq azərbaycanlı iş adamı Kənan Rəsulova məxsusdur.