Dunay Bədirxanov: "Aqrar sektorda rəqəmsal transformasiya üçün süni intellekt alətləri vacibdir"
- 06 may, 2026
- 12:12
Azərbaycanda aqrar sektorda rəqəmsal transformasiya üçün əsas vəzifələrdən biri süni intellekt alətlərini sistemli şəkildə inteqrasiya etməkdir.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov Bakıda "Caspian Agro Week" çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda bildirib.
Onun sözlərinə görə, Agentlik kənd təsərrüfatına fərqli bir baxış gətirib: "Artıq 9 ildir ki, peyk məlumatları əsasında aqrar sektorda qərarvermə prosesinə dəstək veririk və bu müddət ərzində verilən yanaşma kənd təsərrüfatının idarəetmə məntiqini köklü şəkildə dəyişib. Peyk vasitəsilə artıq çox tez bir zamanda görə bilirik ki, hansı sahə əkilib, hansı hissə boş qalıb. Bu da bizə torpaqdan necə istifadə olunduğunu daha yaxşı anlamağa, subsidiyaların daha şəffaf bölüşdürülməsinə və istifadə olunmayan sahələri vaxtında aşkar etməyə kömək edir".
O əlavə edib ki, bu, əslində aqrar idarəetmədə yeni bir mərhələnin başlanğıcı olub: "2019-cu ildən etibarən Azərbaycanda bütün əkin sahələrini əhatə edən dəqiq bitki örtüyü xəritəsi hazırlanır və bunu hər il yeniləyirik. 2025-ci il üzrə məlumatlara əsasən, strateji bitkilər üzrə dəqiqlik göstəriciləri peyk əsaslı məlumatlara görə 92-99 % intervalındadır. Bu da çox yüksək nəticədir. Peyk məlumatları bizə torpaqda bu gün nə baş verdiyini göstərir. Süni intellekt isə həmin məlumatlara əsaslanaraq sabah bizi nə gözlədiyini anlamağa imkan verir".
D.Bədirxanov vurğulayıb ki, Azərbaycan artıq aqrar sektorda rəqəmsal transformasiya üçün mühüm əsaslar qurub: "İndi qarşıda duran əsas vəzifələr isə bunlardır: bu həlləri milli səviyyədə geniş tətbiq etmək, süni intellekt alətlərini sistemli şəkildə inteqrasiya etmək, fermerlərin rəqəmsal bacarıqlarını gücləndirmək və beynəlxalq tərəfdaşlıqları daha da genişləndirməkdir".