Bakıda Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsinin müfəttişləri üçün təlim keçirilir

ASK
  • 29 may, 2018
  • 11:38
Bakıda Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsinin müfəttişləri üçün təlim keçirilir
agro.gov.az

Bakı. 29 may. REPORT.AZ/ Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində bitki və bitkiçilik məhsullarının idxalının yoxlanması üzrə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) və Dövlət Gömrük Komitəsinin müfəttişləri üçün təlim keçirilir. 

Nazirlikdən "Report"a verilən məlumata görə, təlimin əsas məqsədi, müfəttişlərin idxal zamanı ölkə ərazisinə başqa dövlətlərdən fitosanitar nəzarətdə olan zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq bacarıqlarının artırılmasıdır.

Tədbirdə açılış nitqi ilə çıxış edən DFNX-nin rəisi və layihənin milli koordinatoru Camal Quliyev təlim-seminarın fitosanitar müfəttişlərin nəzəri və praktiki biliklərinin artırılmasında əhəmiyyətli rol oynayacağını vurğulayıb. O, bildirib ki, bitki mənşəli məhsulların beynəlxalq ticarətinin genişləndirilməsi və ölkələr arasında ticarət dövriyyəsinin artması fonunda Azərbaycanda fitosanitar nəzarətin daha da gücləndirilməsi respublika ərazisinə yeni zərərli orqanizmlərin daxil olması riskinin azaldılmasına xidmət edir: “FAO-nun dəstəyi ilə həyata keçirilən bu layihə Azərbaycanda fitosanitar sabitliyin təmin edilməsinə, idxal zamanı fitosanitar nəzarətin çevikliyinin və şəffaflığının artırılmasına, respublikamızın zəngin bitki örtüyünün qorunub saxlanılmasına və siz fitosanitar müfəttişlər tərəfindən çətin və şərəfli vəzifənizin layiqincə yerinə yetirilməsinə öz töhfəsini verəcək”.

DGK-nın Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov isə “Vahid pəncərə” prinsipinə uyğun olaraq sərhəd-keçid məntəqələrində fitosanitar nəzarətin Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirildiyini, beynəlxalq ticarətin genişlənməsi səbəbindən dövlət sərhəddinin buraxılış məntəqələrində fitosanitar risklərin artdığını, belə tədbirlərdə müfəttişlərin peşə biliklərinin artırılması hesabına risklərin azaldılmasının vacibliyini diqqətə çatdırıb.

Daha sonra FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çakmak FAO-nun Azərbaycanda həyata keçirdiyi layihələr və bitki sağlamlığı məsələlərinin əhəmiyyəti barədə danışıb.

FAO-nun beynəlxalq məsləhətçisi Rinqols Arnitis iştirakçıları təlimin iş planı ilə tanış edib, onlar üçün nəzəri və əməli məşğələlərin təşkil olunacağı barədə məlumat verib. Sonra seminar gündəliyə uyğun olaraq öz işinə başlayıb.

Qeyd edək ki, təlim mayın 31-nə qədər davam edəcək.