"Azərpambıq Aqrar Sənaye Kompleksi"nin əsas hədəfləri açıqlanıb
- 21 avqust, 2026
- 09:50
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin qarşıdakı dövrdə əsas hədəflərdən biri pambıq istehsalında orta məhsuldarlığın hər hektardan 5 tona çatdırılması, əlavə dəyər zəncirinin genişləndirilməsi və yeni ixrac bazarlarına çıxışın təmin edilməsidir.
"Report" bu barədə holdinqə istinadən xəbər verir.
Məlumata görə, Cəmiyyətin Beyləqan Pambıq İstehsalı və Emalı Zavodunda həyata keçirilən modernizasiya nəticəsində istehsal olunan mahlıcın keyfiyyət göstəriciləri 50 %-dən çox yaxşılaşdırılıb. Hazırda Cəmiyyətin Biləsuvar Pambıq İstehsalı və Emalı Zavodunda modernizasiya işləri davam etdirilir.
"Azərpambıq Aqrar Sənaye Kompleksi"nin fəaliyyəti təxminən 3 000 əməkdaşı və 3 152 fermeri əhatə edir. 2025-ci ildə Cəmiyyət 79 min tondan çox xam pambıq tədarük edib.