Azərbaycandan Qətər, Polşa və Latviyaya pomidor ixracı bərpa edilib
- 04 dekabr, 2021
- 08:15
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 128,243 mln ABŞ dolları dəyərində 119 138 ton pomidor ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq adəsində 23,6 %, kəmiyyət olaraq - 23,1 % azdır.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu kənd təsərrüfatı məhsulunun 126,096 mln ABŞ dolları dəyərində 114 545,5 tonu Rusiyaya tədarük olunub. Həmin ölkəyə ixrac müvafiq olaraq 24,3 % və 24,75 % azalıb. Şimal qonşumuzun ümumi ixracda dəyər ifadəsində payı 98,3 % olub. Ötən il bu göstərici 99,3 %, 2019-cu ildə - 99,5 %, 2018-ci ildə - 99,7 %, 2017-ci ildə - 99,7 %, 2016-cı ildə - 99,8 %, 2015-ci ildə - 99,85 % təşkil edib. Beləliklə Rusiyanın payı ən azı son 7 ildə (Qeyd: 2015-ci ildən o yana açıq istifadədə xarici ticarət üzrə rəsmi rüblük statistika yoxdur) ilk dəfə 99 %-dən aşağı düşüb.
Hesabat dövründə Ukraynaya 664,6 min ABŞ dolları dəyərində 1 456,4 ton, Belarusa 565,3 min ABŞ dolları dəyərində 765,5 ton, Qazaxıstana 352,1 min ABŞ dolları dəyərində 685,6 ton, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 229 min ABŞ dolları dəyərində 872,2 ton, Gürcüstana 172 min ABŞ dolları dəyərində 598,1 ton, Polşaya 67 min ABŞ dolları dəyərində 71,25 ton, Qətərə 55,2 min ABŞ dolları dəyərində 53,4 ton, Latviyaya 20,6 min ABŞ dolları dəyərində 36 ton, Moldovaya 8,6 min ABŞ dolları dəyərində 17,6 ton, Estoniyaya 7,2 min ABŞ dolları dəyərində 18,2 ton və Türkmənistana 5,5 min ABŞ dolları dəyərində 18,4 ton məhsul tədarük olunub.
Ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə Ukraynaya ixrac dəyər ifadəsində 34,75 %, Estoniyaya – 56,5 % azalıb, Belarusa – 17,6 dəfə, Qazaxıstana – 4,8 dəfə, BƏƏ-yə - 4 dəfə, Gürcüstana – 72 dəfə artıb. Moldova və Türkmənistana ötən il ixrac olmayıb. Birillik fasilədən sonra Polşa və Qətərə, ikiillik aradan sonra isə Latviyaya tədarük bərpa olunub. 2019-cu ilin eyni dövrü ilə müqayisədə Polşaya pomidor ixracı 98,1 %, Qətərə - 44,5 dəfə artıb. Latviyaya tədarük 2018-ci ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 80 % azalıb.