Azərbaycanda əkin subsidiyaların əhatə dairəsi genişləndirilib

ASK
  • 30 dekabr, 2021
  • 13:00
Azərbaycanda əkin subsidiyaların əhatə dairəsi genişləndirilib

Azərbaycanda torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə də subsidiya veriləcək.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Bildirilir ki, əkin subsidiyasına – fermerlərə əkin, çoxillik əkmə altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiya daxildir.

Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi fermerin razılığı və kredit təşkilatlarına müraciəti əsasında ona veriləcək subsidiya vəsaitinin fermerin kənd təsərrüfatı təyinatlı kredit (lizinq) borclarının təminatı kimi rəsmiləşdirilməsi və ya həmin borcların ödənilməsinə yönəldilməsi ilə bağlı kredit təşkilatlarının fermerin formalaşan elektron bəyannaməsi və ya subsidiya vəsaiti barədə məlumatlara çıxışını təmin edəcək.

Daha əvvəl, Agentlik fermerin xahişi əsasında məhsul subsidiyası üzrə ona veriləcək vəsaitin onun kənd təsərrüfatı təyinatlı kredit borclarının ödənilməsinə yönəldilməsi barədə zəmanət məktubu verirdi.