Azərbaycan 10 ayda meyvə-tərəvəz ixracından 530 milyon dollardan çox gəlir əldə edib

ASK
  • 25 noyabr, 2024
  • 13:56
Azərbaycan 10 ayda meyvə-tərəvəz ixracından 530 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 534 milyon 994,92 min ABŞ dolları dəyərində 515 min 684,51 ton meyvə və tərəvəz ixrac edilib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 1,7 %, həcmi isə 4,1 % azalıb.

Oktyabrda isə ölkədən 76 milyon 228,11 min ABŞ dolları məbləğində 76 min 545,75 ton meyvə-tərəvəz ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 2,8 % və 1,9 % çoxdur.

Bu ilin 10 ayında Azərbaycan 2 milyard 388 milyon 529,74 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % azdır. Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 22,4 % təşkil edir.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyənin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 17,4 % artıb.

44 - Tezliklə