AQTA: "İxrac edilən fındıqda aflatoksin aşkarlanması halları kəskin azalıb"

ASK
  • 13 sentyabr, 2022
  • 11:01
AQTA: İxrac edilən fındıqda aflatoksin aşkarlanması halları kəskin azalıb

Azərbaycandan Avropa İttifaqına ixrac edilən fındıqda aflatoksin aşkarlanması halları əvvəlki illərlə müqayisədə kəskin azalıb.

"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə birlikdə Zaqatala rayonunda fındıq ixracatçıları ilə görüşdə iştirak edərkən deyib.

O, fındığı ixrac olunan bitkiçilik məhsulları arasında əhəmiyyətli yer tutduğunu qeyd edib, bildirib ki, AQTA fəaliyyətə başladığı ilk gündən fındığa nəzarəti daha da gücləndirib və bu sahədə ardıcıl tədbirlər həyata keçirib. Son nəticəsində ixrac zamanı fındıq partiyalarında aflatoksin aşkarlanması halları azalıb.

Son illər ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bitkiçilik məhsullarının istehsalı və ixracı ilə bağlı görülən işləri yüksək qiymətləndirən P.Mixalko isə bitkiçilik məhsullarının istehsalın, emalın və ixracının beynəlxalq standartlara uyğunlaşdırılmasının vacibliyini sahibkarların diqqətinə çatdırıb. O, qeyd edib ki, Azərbaycan keyfiyyətli fındıq istehsalında dünyada seçilən ölkələrdən biridir.

Onun sözlərinə görə, 2018-ci ildə aflatoksinlə bağlı daxil olan bildirişlərin sayı 18 olsa da, 2020-2021-ci illərdə cəmi 1 olub: "Bunun nəticəsidir ki, Azərbaycandan ixrac olunan fındığın həcmi artır və Avropanın iri şirkətləri Azərbaycan fındığını almaqda maraqlıdırlar”.

Görüşdə fındıq ixracında qarşıya çıxan əsas problemlər, məhsullardan götürülmüş nümunələrin müayinələrinin nəticələri və təhlükəsiz məhsul istehsalı müzakirə olunub, sahibkarları narahat edən məsələlər, həmçinin fındıqda aflatoksin problemi və onun aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, məhsullar qabaqcıl təcrübəyə uyğun istehsal edilmədikdə, vaxtında yığımı həyata keçirilmədikdə, müvafiq temperaturda qurudulmadıqda, çeşidləmə məqsədilə müasir texnologiyalardan istifadə edilmədikdə və s. hallarda aflatoksin yarana bilir. Odur ki, beynəlxalq standartlara cavab verən təhlükəsiz məhsul istehsalına nail olmaq, aflatoksinin miqdarının yolverilən həddi keçməsinin qarşısını almaq üçün sahibkarlar məhsulun mövsümündə yığımının həyata keçirilməsi, saxlanması, emalı və çeşidlənməsi qaydalarına əməl etməlidirlər.

Tədbirdə AQTA sədri fındıq ixracatçıları ilə sıx əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini, Agentliyin maarifləndirici görüş və tədbirlər təşkil edəcəyini və onlara bütün zəruri metodiki köməkliyin göstəriləcəyini vurğulayıb. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.