Türkiyənin sülhsevər mövqeyi - rəsmi Ankaranın regional münaqişələrin həllində rolu - ŞƏRH
- 07 aprel, 2026
- 16:16
ABŞ və İsrailin İranla qarşılıqlı hərbi əməliyyatı, Rusiyanın Ukraynada apardığı müharibə Türkiyənin qonşuluğunda baş verir. Hər iki silahlı münaqişədə rəsmi Ankaranın təmkinli, tərəfsiz, sülhsevər mövqeyi regional və qlobal baxımdan çox əhəmiyyətlidir.
Türkiyənin hadisələrə bu şəkildə yanaşması silahlı münaqişə və müharibənin genişlənməsinin də qarşısını alır, hətta müharibə aparan tərəflərin mövqeyinin yaxınlaşmasına belə səbəb olur. Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanın apardığı danışıqlar da bunu təsdiqləyir.
Ötən gün Türkiyənin XİN başçısı Suriyada səfərdə olub. Hakan Fidan Ərəb Respublikasının lideri Əhməd əş-Şaraa ilə bir araya gələrək ikitərəfli siyasi və iqtisadi münasibətləri, həmçinin bölgədəki müharibənin Suriyaya təsirləri, Livandakı son vəziyyəti müzakirə ediblər. Görüşdə Suriyanın yenidən qurulması üçün ikitərəfli səviyyədə aparılan layihələr də qiymətləndirilib. Bundan başqa, yanvarın 17-29-da Suriyanın şimal-şərqinin mərkəzi idarəçiliyə inteqrasiyası ilə bağlı razılaşmaya əməl edilməsinin indiki mərhələsi, Ərəb Respublikasının təhlükəsizliyi məsələsi də müzakirə olunub.
Qeyd edək ki, Türkiyə bir tərəfdən Suriyada təxminən 14 il davam edən münaqişənin acı nəticələrinin aradan qaldırılmasına dəstək verir, digər tərəfdən yeni əməkdaşlıq imkanlarını ölkədə qalıcı sabitliyə və təhlükəsizliyə xidmət edəcək şəkildə, hər iki ölkənin maraqları istiqamətində qiymətləndirilməsi üçün intensiv səy göstərir. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) başçısı İbrahim Kalının 2025-ci il dekabrın 22-də səfərləri də buna nümunədir.
Ötən müddət ərzində ikitərəfli, regional və beynəlxalq səviyyələrdə Türkiyə və Suriyanın ortaq maraqlarına cavab verən münasibət, əlaqə qurulub. Bu həm də regional sülhə, sabitliyə, təhlükəsizliyə xidmət edən əməkdaşlıqdır.
Hakan Fidan səfər çərçivəsində Suriya Prezidenti Əhməd əş-Şaraa və Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçtərəfli görüş də keçirib. Ukrayna liderinin Dəməşqə Ankaradan getməsi də Türkiyənin sabitliyi və ona etibarın göstəricisidir.
Ukrayna və Suriyada qarşılıqlı olaraq səfirliklərin bərpası haqqında razılıq əldə edilməsində Türkiyənin sülhməramlı vasitəçiliyinin də rolu var.
Ukrayna XİN-in başçısı Andrey Sibiqa bildirib ki, Kiyev və Dəməşqdə səfirliklərin tezliklə yenidən açılması barədə razılıq tərəfdaşlığın dərinləşdirilməsi yolunda mühüm addımdır. O əlavə edib ki, ölkələr arasında ikitərəfli ticarət 2025-ci ilin avqustunda diplomatik münasibətlərin bərpası haqqında Birgə Kommünike imzalanandan sonra doqquz dəfə artıb.
Zelenskinin Suriyaya səfəri zamanı təhlükəsizlik, müdafiə, regional vəziyyət, İran ətrafındakı hadisələr, habelə enerji və infrastruktur sahələrində əməkdaşlığa dair məsələlər müzakirə olunub. Odur ki, Kiyev Dəməşqlə neft qarşılığında taxıl və başqa ərzaq məhsullarını mübadilə, ticarət etməyi planlaşdırır. Bu əməliyyatlar isə daha çox Türkiyə vasitəsilə reallaşacaq. Yəni, Türkiyə Suriya və Ukrayna arasında münasibətlərin normallaşması və ticarət əlaqələrinin qurulub inkişaf etdirilməsi istiqamətində körpü rolu oynayır. Bu, Yaxın Şərqlə Qara dəniz hövzəsi arasında əlaqə də sayıla bilər.
Bəşşar Əsəd rejimi dövründə Suriya Ukraynadakı müharibədə birmənalı şəkildə Rusiyanı müdafiə edirdi.
Rəsmi Ankara Kiyevlə Moskva arasında da danışıqlar üçün cəhdlərini davam etdirir. Aprelin 3-də Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb, bir gün sonra isə Volodimir Zelenski ilə İstanbulda görüşüb. O bu danışıqlarda diqqəti 2022-ci ildən davam edən Rusiya-Ukrayna müharibəsinə, Qara dəniz başda olmaqla bu savaşın yaratdığı təhlükəsizlik problemlərinə yönəldib. Bu həm də Montrö Boğazlar Konvensiyası ilə bağlı məsələnin yenidən gündəmə gəlməsidir. Bu, 1936-cı il iyulun 20-də İsveçrənin Montrö şəhərində imzalanan və Türkiyəyə İstanbul və Çanaqqala boğazları üzərində tam nəzarət hüququ verən, Qara dənizə giriş-çıxışı tənzimləyən beynəlxalq müqavilədir. Sənəd sülh dövründə ticarət gəmilərinə sərbəstlik, hərbi gəmilərə məhdudiyyət qoyur, müharibə dövründə isə Türkiyəyə boğazları bağlamaq səlahiyyəti verir.
Yeri gəlmişkən, II Dünya Müharibəsi zamanı konvensiya bir sıra dövlətlərin SSRİ-yə qarşı boğazlardan hərbi gəmi keçirməsinin qarşısını alaraq Qara dənizdəki güc balansını qorumuşdu.
Rusiya-Ukrayna müharibəsi zamanı da Montrö Konvensiyasına əsasən hərbi gəmilərin boğazlardan keçidi məhdudlaşdırıldı, bu da Rusiyanın Qara dənizdəki üstünlüyündən istifadə etməsinə mane oldu.
Rəsmi Ankara 90 il öncə imzalanmış razılaşmanın müddəalarını ardıcıl olaraq həyata keçirməklə boğazların yalnız sülhə, əməkdaşlığa xidmət etdiyini nümayiş etdirməklə də hazırkı qlobal gərginlik fonunda bəzilərinə örnəkdir.
Məlumatlara əsasən, Türkiyənin dövlət başçısı rusiyalı həmkarına bütün tərəflərə gərginliyi artıracaq addımlardan uzaq durmalarını tövsiyə edərək Qara dənizdə mülki gəmilərə hücumların sabitlik mühitinə zərər verdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, martın 26-da Qara dənizdə Sierra-Leone bayrağı altında üzən, Türkiyə şirkəti tərəfindən idarə olunan "ALTURA" neft tankerinə hücum olmuşdu.
Rəsmi Ankara Rusiya-Ukrayna və Yaxın Şərqdəki müharibənin Qara dənizdə daha da yayılması və şiddətlənməsinin qarşısını almaq üçün uyğun tərəflərlə əlaqələri davam etdirir.
Kremldən verilən açıqlamada isə Vladimir Putin Rusiya-Türkiyə arasındakı təbii qaz boru kəmərlərinə və mülki gəmilərə hücum cəhdlərini rədd edərək Qara dənizdə hərtərəfli təhlükəsizliyin təmini məqsədilə koordinasiyalı tədbirlərin görülməsinin zəruriliyini vurğulamışdı.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə gəmiçilik və enerji təchizatı təhlükəsizliyinə böyük əhəmiyyət verdiyini Ankarada Ukrayna liderinin də diqqətinə çatdırıb.
Onu da qeyd edək ki, Türkiyə regional və qlobal münaqişələrdə tərəfsizliyini qoruyaraq ABŞ, Böyük Britaniya və Avropa İttifaqının "kölgə donanması" məsələsində atdığı addımlara da qoşulmur. Montrö Konvensiyası bu tip məsələlərə deyil, Türkiyəyə yalnız müharibə dövründə hərbi gəmilərin keçidini əngəlləmə hüququ verir.
Rəsmi Ankaranın bu mövqeyi həm də onun qarşıdurmada olan tərəflər arasında vasitəçilik etməsinə imkan verir.
ABŞ-İsrail və İran arasındakı silahlı qarşıdurmada da Türkiyə neytral mövqe tutub. Ötən gün Hakan Fidan ABŞ-nin Ankaradakı səfiri Tomas Cozef Barakı qəbul edib. Barak ABŞ Prezidenti Donald Trampın yaxın dostu, sponsoru olub. Bu baxımdan, onun Hakan Fidanla görüşü İrana aid məsələnin müzakirə edildiyi ehtimalını artırır.
Türkiyənin XİN başçısı həmin gün iranlı həmkarı Abbas Əraqçi ilə də telefonla danışıb. Yayılan xəbərə əsasən, nazirlər silahlı münaqişənin gedişatını və başqa regional məsələləri müzakirə ediblər
Ehtimal etmək olar ki, Barak Ağ Evin ismarışını rəsmi Ankaraya çatdırıb. Hakan Fidan isə həmin görüşdə Tehrana çatacaq məsələni Abbas Əraqçiyə yetirib.
Bu da Ankaraya hərbi əməliyyat keçirən tərəflər arasında etibar və etimadın göstəricisi, onun regional münaqişələrin həllində önəmli rolundan xəbər verir.
Türkiyə Yaxın Şərqdəki mövcud böhranın həllində Pakistan, Misir və Səudiyyə Ərəbistanı ilə birlikdə fəaliyyət göstərir. Martın 29-da İslamabadda keçirilmiş görüşdə tərəflər sülh danışıqlarını dəstəklədiklərini bildiriblər.
Türkiyənin Rusiya-Ukrayna müharibəsinə, ABŞ-İsrail və İran qarşıdurmasına cəlb olunması üçün "görünməz əllər" təxribat əməlləri törədib, təhrikedici addımlar da atıblar. İran istiqamətindən Türkiyəyə dörd raketin atılması, Qara dənizdə Türkiyə şirkətinə aid neft tankerinə hücum bu qəbildəndir.
Eyni zamanda, aprelin 7-də İstanbulda İsrailin Baş konsulluğunun da yerləşdiyi binanın qarşısında silahlı münaqişə baş verib. Bu diplomatik missiyaya fəaliyyətsizdir. Orada İsrail diplomatları olmayıb. Bununla belə, ehtimal etmək olar ki, silahlı hücum Ankara - Təl-Əvivin onsuz da gərgin olan münasibətlərini daha da korlamağa xidmət edib.
Türkiyənin regional və qlobal münaqişələrin, müharibələrin həllində tutduğu sülhsevər mövqeyə, bu istiqamətdə oynadığı önəmli rola, ona göstərilən etibar və etimada ziyan, zərbə vurmaq üçün belə araqarışdırıcı hadisələrin törədiləcəyi ehtimalı yenə var.
Rəsmi Ankara təxribatlara, təhriklərə məhəl qoymamaqla sülh, əməkdaşlıq, regional və qlobal təhlükəsizliklə bağlı məsələlərdə mövqeyini, rolunu qoruyur. Bununla da Türkiyə Cümhuriyyəti Mustafa Kamal Atatürkün "Yurdda və cahanda sülh" vəsiyyətinə sadiqliyini nümayiş etdirir.