Separatçı tör-töküntülərinə qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir - ŞƏRH
- 16 sentyabr, 2025
- 17:07

Azərbaycanla Ermənistan Vaşinqtonda sülh sazişini paraflayır, infrastruktur layihələrinin reallaşması istiqamətində addımlar atır. Hər iki ölkənin liderləri Cənubi Qafqazda yekun sülh sazişinin əldə olunması üçün çalışdığı bir dönəmdə Makron Fransası təxribatçı təşəbbüslərlə çıxış edir. Avropanın "xəstə dövləti"nə çevrilən Fransa hər vəchlə prosesə əngəl olmağa çalışır. "Xəstə dövlət" anlayışı da yeni deyil. Bir vaxtlar Avropanın Osmanlı İmperiyasına yamaq etdiyi bu "titulu" indi Emmanuel Makronun rəhbərlik etdiyi Fransası daşıyır.
Ölkədə daxili siyasi gərginlik pik həddə çatıb, bütün regionlarda etiraz aksiyaları keçirilir. Keçmiş koloniyalardan qovulmaqla yanaşı, dənizaşırı əyalətlərdə də müstəqillik hərəkatı artır. Hətta ən yüksək səviyyələrdə etiraf edilir ki, bütün bunlar prezident Emmanuel Makronun idarəçiliyinin nəticəsidir. Hakimiyyət problemləri həll etmək əvəzinə, min kilometrlərlə kənarda yerləşən dövlətlərin daxili işlərinə qarışır, separatizmə dəstək nümayiş etdirir.
Mediada yayılan xəbərlərə görə, Fransada sentyabrın 19-da "Artsax: etnik təmizləmədən iki il sonra" mövzusunda konfrans keçiriləcək. Konfransda Fransa, İsveçrə və Avropa parlamentlərinin deputatları, yerli özünüidarəetmə orqanlarının nümayəndələri, diplomatlar iştirak edəcəklər. Təxribatçı təşəbbüsün müəllifi isə deputat, Fransa-Ermənistan dostluq qrupunun vitse-prezidenti Emmanuel Mandondur.

Məlumatda iddia olunub ki, Azərbaycanın 2023-cü ildə Qarabağda keçirdiyi antiterror əməliyyatları zamanı mülki əhaliyə və infrastruktura zərbələr endirilib. "Faciəli hadisələrin xatirəsini anmaq və onların siyasi və hüquqi nəticələrini müzakirə etmək üçün Fransa Senatında konfrans keçiriləcək", - deyə bildirilib.
Maraqlıdır ki, hərbi cinayətlərdə təqsirli bilinənlər separatçı tör-töküntülərinə dəstək tədbirindən bir neçə gün əvvəl Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Fransaya işgüzar səfər edib. Səfər çərçivəsində Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə naziri Benjamin Haddad ilə görüş də baş tutub. Vaşinqtonda əldə edilmiş tarixi razılaşmalar, həmçinin Ermənistanın sülhün institusionallaşdırılması ilə bağlı baxış təqdim edilib. Həmsöhbətlər Ermənistanın Avropa inteqrasiyasının daha da dərinləşdirilməsi perspektivlərini və bu kontekstdə erməni-fransız əməkdaşlığı imkanlarını müzakirə ediblər. Tərəflər strateji tərəfdaşlığın qurulmasının vacibliyini də vurğulayıblar.
Belə danışıqlardan sonra Fransa Senatında qondarma və separatizmə dəstək tədbiri keçirilir. Şübhəsiz ki, bu təxribat erməni lobbisindən qaynaqlanıb. Lakin Fransanın ali qanunverici orqanı - Senatda belə bir tədbirin keçirilməsi Makron hökumətinin bölgə ilə bağlı riyakarlığından, ikiüzlülüyündən xəbər verir.

Əvvəla, bu addım birbaşa Vaşinqtonda imzalanmış üçtərəfli (ABŞ, Azərbaycan və Ermənistan) tarixi razılaşmaya ziddir, sülh prosesinə birbaşa zərbədir. Ermənistan da daxil bütün dünya Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu qəbul edib. Belə olan halda Emmanuel Makron hökumətinin belə bir çirkin və separatizmə dəstək aksiyasının keçirilməsinə rəvac verməsi sərt şəkildə pislənilməlidir.
Digər bir məsələ, iddia olunur ki, iki il əvvəl antiterror əməliyyatları keçirilərkən Qarabağın erməni əhalisi arasında zərər çəkənlər var. Heç bir beynəlxalq hesabata və yaxud faktlara əsaslanmadan iddia olunan fikirlərlə sadəcə bölgə ilə bağlı dezinformasiya yaymaq və insanları çatdırmaq hədəf götürülüb.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunda sakinlərlə görüşü zamanı həm Fransa, həm də separatizmə dəstək verən qüvvələrə tutarlı cavab verib. Dövlət başçısı bildirib ki, Azərbaycanda separatçılığa yer yoxdur və 19-20 sentyabr antiterror əməliyyatı hamıya dərs olub: "Cəmi bir neçə saat davam edən hərbi əməliyyat separatçıların kökünü kəsdi və onların ümid bağladıqları yerlər də səssiz qaldı. Çünki Azərbaycan Ordusu qarşısında heç kim dura bilməzdi, Azərbaycan xalqı qarşısında heç kim dura bilməzdi, ona görə ki, biz haqlıyıq. Bu gün haqlı olduğumuzu bir daha burada sübut edirik".

Prezidentin bu fikirlərini elə Ermənistan rəhbərliyi də qəbul edir və etiraf edir. Baş nazir Nikol Paşinyan dünən bəyan edib ki, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub və bu gün qarşıda duran vəzifə təkcə indiki məqamda deyil, yüz il üçün təhlükəsizliyi təmin edəcək qərarlar qəbul etməkdir.
Təəssüflər olsun ki, bu həqiqətləri, sülh çağırışlarını erməni lobbisi və diasporadan yemlənən Makron hakimiyyəti qəbul etmək istəmir. O, hər vəchlə xalqların sülh şəraitində yaşamasına qarşı çıxır. Həqiqət budur ki, Makron Fransasında hökumət böhranları, etiraz aksiyaları, metropoliyadan dənizaşırı ərazilərə qədər inanılmaz uğursuzluqlar və rüsvayçılıqlar adi hala çevrilib. Mövcud iqtidar komandası isə özünü siyasi fırıldaqçı kimi aparır. Etimad sarsılıb, reytinqi hər gün düşür, antirekordlar günbəgün yenilənir.
Parisdə keçiriləcək qondarma və rüsvayçı tədbirə gəldikdə, bəli, Fransa dərk edir ki, Azərbaycanın ərazi bütövlüyünü uğurla təmin etməsi, xunta rejiminin çökdürülməsi, Vaşinqtonda əldə olunan nəticələr onun regiona təsir imkanlarını tam şəkildə əlindən alıb. Vaxtilə separatçı rejimlə "hərtərəfli əlaqələr" saxlayan, onların həm maliyyələşdirilməsi, həm də silahlandırılmasında aktiv rol alan Paris artıq oyundan kənar vəziyyətə düşüb. Lakin bir şeyi unudur ki, başlanılan tarixi prosesə heç bir halda xələl gətirə bilməz!