Rəqəmsal dünyanın yeni qaydaları: Azərbaycandan baxış - TƏHLİL
- 14 yanvar, 2026
- 16:02
Bizi əhatə edən dünya sürətlə dəyişir. Gündəlik həyatımızın demək olar ki, bütün sahələri - alış-verişdən biznes qurmağa, ünsiyyətdən asudə vaxtın təşkilinədək - getdikcə daha çox rəqəmsal müstəviyə daşınır. Bir zamanlar fiziki məkana bağlı olan proses və xidmətlər bu gün onlayn aləmdə cəmlənir və yeni davranış modelləri formalaşdırır.
Bu transformasiyanın əsas hərəkətverici qüvvəsi qlobal şəbəkə – internetdir. Lakin internet indiki səviyyəsinə birdən-birə gəlib çatmayıb. O, ötən əsrin 60-cı illərinin sonunda ABŞ-da soyuq müharibə şəraitində hərbi müdafiə məqsədləri üçün yaradılan bir sistem kimi formalaşıb. Uzun müddət ərzində alimlər və tədqiqatçılar internetdən əsasən elmi məlumat mübadiləsi və ünsiyyət üçün istifadə ediblər.
1991-ci il isə bu sahədə dönüş nöqtəsi oldu. İnternet sadəcə faylların bir nöqtədən digərinə ötürülməsi vasitəsindən çıxaraq, hər bir istifadəçinin sərbəst şəkildə əldə edə bildiyi, qarşılıqlı əlaqəli məlumatlar məkanına çevrildi. Məhz bu mərhələdə bu gün tanıdığımız internetin - Web 2.0-ın təməli qoyuldu. Şirkətlər veb-saytlar yaratmağa, sahibkarlar məhsullarını birbaşa onlayn müştərilərə təklif etməyə başladılar. Sosial şəbəkələr isə ünsiyyət, kontent istehsalı və paylaşımı anlayışını köklü şəkildə dəyişdi.
İnternetin növbəti təkamülü
Yarım əsrdən bir qədər artıq müddətdə internet universitetlər arasında sadə mesajların ötürülməsindən milyardlarla cihazı birləşdirən, qlobal ünsiyyətin, iqtisadiyyatın və innovasiyaların əsas dayağına çevrilib. Bu gün isə internet yeni bir mərhələnin astanasındadır. Süni intellekt, genişləndirilmiş reallıq (XR), metakainat (metaverse) və kvant hesablamaları rəqəmsal dünyanın sərhədlərini daha da genişləndirir. Burada artıq söhbət təkcə texnologiyalardan getmir - mülkiyyət, etimad və rəqəmsal mühitdə qarşılıqlı əlaqə anlayışları yenidən formalaşır.
Bu dəyişimin mərkəzində internetin təkamülünün növbəti mərhələsi sayılan Web 3.0 və ya Web3 dayanır.
Web3 blokçeyn texnologiyalarına və süni intellektə əsaslanaraq ənənəvi, mərkəzləşdirilmiş modellərdən uzaqlaşmağı hədəfləyir. Onun məqsədi daha şəffaf, mərkəzləşdirilməmiş və inklüziv bir internet ekosistemi qurmaqdır - istifadəçilər arasında birbaşa qarşılıqlı əlaqəyə imkan verən, ağıllı veb-tətbiqlərdən ibarət yeni bir rəqəmsal mühit yaratmaq.
Müasir rəqəmsal iqtisadiyyatda şəxsi məlumatların əsasən mərkəzləşdirilmiş strukturların və texnoloji nəhənglərin əlində cəmlənməsi ciddi risklər yaradır. Məlumat sızmaları və qeyri-qanuni istifadə halları istifadəçilərin etimadını sarsıdır. Web3 isə mərkəzləşdirilməmiş identifikasiya sistemləri vasitəsilə bu balansı dəyişməyi təklif edir. Burada istifadəçilər şəxsi məlumatlarını necə, nə vaxt və kimlə paylaşacaqlarına özləri qərar verirlər.
Hakimiyyətin platformalardan istifadəçilərə qaytarılması şəffaflığın hökm sürdüyü, məxfiliyin qorunduğu və innovasiyaların vasitəçilərsiz inkişaf etdiyi yeni bir rəqəmsal iqtisadiyyat modelini ön plana çıxarır. Bu isə istifadəçilərin öz məlumatları, rəqəmsal aktivləri və onlayn kimlikləri üzərində real nəzarət əldə etməsi deməkdir.
Web3-ün maddi və qeyri-maddi aktivləri tokenləşdirmə imkanı isə bizneslər üçün tamamilə yeni perspektivlər açır. Tokenləşdirmə mülkiyyət və əlçatanlıq anlayışlarını yenidən şərh edərək investisiyalara çıxışı daha geniş kütlələr üçün mümkün edə, bazara giriş maneələrini azalda və aktivlərin idarə edilməsində şəffaflığı əhəmiyyətli dərəcədə artıra bilər.
Yeni texnologiya, köhnə qaydalar
Web3 ekosistemində ən diqqətçəkən trendlərdən biri blokçeyn əsaslı süni intellekt agentlərinin sürətlə inkişafıdır. Oyun, əyləncə və maliyyə kimi sahələrdə inqilabi dəyişikliklər vəd edən bu rəqəmsal varlıqlar insan müdaxiləsi olmadan qərar qəbul edə, tapşırıqları yerinə yetirə və mürəkkəb prosesləri idarə edə bilirlər. Web3-də süni intellekt agentləri funksionallığına görə sadə smart-müqavilələrdən tutmuş, virtual mühitlərdə istifadəçilərlə qarşılıqlı əlaqə quran, davranış modelləri formalaşdıran insanabənzər avatarlara qədər geniş spektrdə təqdim olunur.
Lakin Web3-ün yaratdığı unikal imkanlarla yanaşı, onun sürətli inkişafını ləngidən ciddi çağırışlar da mövcuddur. Bu maneələrin başında tənzimləmə məsələləri dayanır. Aydın və universal hüquqi çərçivənin olmaması developerlər və investorlar üçün əlavə risklər yaradır. Mərkəzləşdirilməmiş şəbəkələr ənənəvi nəzarət mexanizmlərinə tabe olmadığından, tənzimləyici qurumlar tez-tez texnoloji inkişafdan geri qalır və köhnə normaları yeni rəqəmsal modellərə tətbiq etməyə çalışırlar. Xüsusilə açıq reyestrlər üzərindən şəxsi məlumatların necə qorunacağı sualı ciddi dilemma olaraq qalır. Məhz bu səbəbdən məxfilik və məlumatların qorunması məsələləri blokçeyn texnologiyalarının tətbiqi fonunda daha da aktuallaşır.
Digər mühüm problem miqyaslanma ilə bağlıdır. Web3-ə keçiddə liderlik iddiası olan bir çox mövcud blokçeyn layihələri aşağı şəbəkə buraxılış qabiliyyəti və tranzaksiya sürəti kimi texniki məhdudiyyətlərlə üzləşir. Mövcud miqyaslanma həlləri müəyyən irəliləyişlər vəd etsə də, onlar hələlik mərkəzləşdirilmiş sistemlərin təqdim etdiyi performans səviyyəsi ilə müqayisə edilə bilmir. Nəticədə aparıcı blokçeyn platformaları eyni vaxtda böyük həcmdə tranzaksiyaların emalı və ya sürətli təsdiqi məsələsində çətinliklərlə qarşılaşır.
Web3 ətrafında formalaşmış ən geniş yayılmış yanılmalardan biri onun təhlükəsizlik risklərinə qarşı tam davamlı olmasıdır. Əslində isə bu ekosistem də müxtəlif kibertəhlükələrlə üz-üzədir. Smart-müqavilələrdəki zəifliklər, təkrar giriş (reentrancy) və fişinq hücumları Web3 mühitində geniş yayılıb. Blokçeyn və Web3 təhlükəsizliyi sahəsində aparıcı şirkətlərdən biri olan "Hacken"in illik hesabatına görə, ötən il haker hücumları nəticəsində Web3 ekosistemində ümumi itkilər 3,95 milyard ABŞ dollarına çatıb. Bunun 512 milyon ABŞ dolları smart-müqavilə zəiflikləri ilə əlaqədar olub. Bununla belə, ən böyük maliyyə itkiləri hələ də əməliyyat boşluqlarından qaynaqlanır – zəif açar idarəetməsi, çıxış proseslərində səhlənkarlıq və təhlükəsizlik protokollarının düzgün tətbiq edilməməsi. Hesabata əsasən hücumların əsas hədəfi itkilərin 54 %-i ilə məhz giriş nəzarəti (access control) mexanizmləri olub.
Azərbaycan üçün qapalı blokçeyn modeli
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Elşad Yusifli "Report"a bildirib ki, mövcud risklər fonunda ölkədə qapalı blokçeyn infrastrukturunun yaradılması məqsədəuyğun ola bilər. Onun sözlərinə görə, xüsusilə daşınmaz əmlak hüquqlarının qeydiyyatı, diplom, sertifikat və digər rəsmi sənədlərin verilməsi blokçeyn üzərindən təmin edilə bilər:
"Riskləri minimuma endirmək üçün bu prosesləri yalnız ölkə daxilində fəaliyyət göstərən blokçeyn üzərindən həyata keçirmək mümkündür. Bu infrastrukturu texnologiya sahəsində fəaliyyət göstərən hər hansı dövlət qurumu yarada bilər. Belə olan halda hər qurumun ayrıca blokçeyn qurmasına ehtiyac qalmaz və texnologiya digər dövlət strukturları üçün də əlçatan olar".
Ekspert Azərbaycanda Web3 əsaslı texnologiyalar bazarının böyüməsi üçün qlobal oyunçuların iştirakının vacibliyini də vurğulayıb və bu kontekstdə "sandbox" mexanizminin roluna diqqət çəkib. Onun fikrincə, xarici investorların rahat şəkildə KYC (Know Your Customer) və KYB (Know Your Business) prosedurlarından keçməsi və yerli layihələrə sərmayə yatırması üçün şərait yaradılmalıdır:
"Azərbaycan Mərkəzi Bankının tətbiq etdiyi xüsusi tənzimləmə rejimi olan "sandbox" çərçivəsində innovativ maliyyə xidmətləri real müştərilərlə, məhdud zaman və nəzarət altında sınaqdan keçirilə bilər. Bu rejimdə startaplara ICO (iştirakçılar yeni tokenləri listinqdən əvvəl alırlar) və ya IDO (ilk investorlar tərəfindən tokenlərin alınması və listinq demək olar ki, eyni vaxtda baş verir) həyata keçirmək imkanı yaradılması mümkündür. Hazırda xarici vətəndaşların Azərbaycanda yaradılmış startapların tokenlərinə investisiya qoyması faktiki olaraq mümkün deyil. Bu da yerli startapları xarici bazarlara üz tutmağa məcbur edir. "Sandbox" isə riskləri azaldaraq innovativ texnologiyaların test edilməsi üçün təhlükəsiz mühit yarada bilər".
E. Yusiflinin fikrincə, Web3 ilə bağlı aktivlərin hüquqi çərçivəyə salınması Azərbaycan üçün də strateji əhəmiyyət daşıyır.
"Kriptovalyutalar, DeFi (mərkəzləşdirilməmiş maliyyə) platformaları, NFT-lər (hər hansı rəqəmsal obyektə (şəkil, video, musiqi, oyun əşyası və s.) və digər rəqəmsal aktivlər hüquqi- normativ aktlarda öz əksini tapdıqdan sonra onların alqı-satqısı qanuni status qazanacaq. Bu isə bankların və maliyyə institutlarının vətəndaşlar üçün bu aktivlərin ticarətini asanlaşdırmasına, rəqəmsal aktivlərin investisiya alətinə çevrilməsinə imkan yaradacaq. Eyni zamanda banklar bu aktivləri kreditlər üzrə girov kimi qəbul edə, ölkədə kripto-mübadilə birjalarının fəaliyyətinə hüquqi zəmin formalaşa bilər", - ekspert hesab edir.
Nəticə etibarilə, Web3 yeni nəsil internet statusunu möhkəmləndirmək üçün yüksək təhlükəsizlik səviyyəsinə, maksimal mərkəzləşdirilməmiş struktura və misli görünməmiş buraxılış qabiliyyətinə malik paylanmış şəbəkə olmalıdır. Web3 tətbiqləri sürətli işləməli, paylanmış hesablama sistemlərinə əsaslanmalı, adi istifadəçi üçün təhlükəsizliyi təmin etməli, məlumatların bütövlüyünü və dəyişdirilməzliyini qoruyub saxlamalıdır.
İnnovasiyaların həm bu günümüzün, həm də gələcəyimizin əsas dayağı olduğunu nəzərə alsaq, Web3-ün internet məkanında inqilabi dəyişikliklərə yol açacağına şübhə qalmır.