"Ramiz Hacıyev" kran gəmisi əsaslı təmir edilib

İnfrastruktur
  • 23 mart, 2026
  • 10:49
Ramiz Hacıyev kran gəmisi əsaslı təmir edilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Ramiz Hacıyev" kran gəmisi əsaslı təmir edilib.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, proses çərçivəsində baş və köməkçi mühərriklər, nasoslar, braşpil qurğusu, yağ və su soyuducuları, hava balonlarının armaturları, köməkçi mühərriklərin generatorları, müxtəlif təyinatlı elektrik mühərrikləri və boru sistemləri təmir olunub.

Eyni zamanda, avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində bütün zəruri yoxlama və təmir işləri həyata keçirilib. Heyətin yaşayış otaqlarında, yeməkxanalarda lazımi işlər aparılıb, su keçirməyən qapılar, illüminatorlar, ventilyasiya qapaqları təmir edilib.

40 tonluq kranın bütün istiqamətləndirici rolikləri demontaj olunaraq çıxarılıb, əsaslı təmir olunduqdan sonra yerlərinə quraşdırılıb.

Sualtı hissənin texniki vəziyətini yoxlamaq məqsədilə gəmi tərsanəyə qaldırılıb. Pər-sükan qurğuları, dib-yan armaturlarının, protektor qurğularının təmiri işləri aparılıb, sualtı və suüstü hissələrində zədələnmiş metal lövhələr, qoruyucu metal kəmərlər dəyişdirilib, təmizlənmə-rənglənmə işləri başa çatdıqdan sonra hər iki bortda qoruyucu təkərlər yenilənib.

İşlər başa çatdıqdan sonra gəminin kran qurğusunun sınaq işləri aparılıb və uğurla başa çatıb. Mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra "Ramiz Hacıyev" istismara qaytarılıb.