Milli Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyevin Azərbaycana bəxş etdiyi tarixi missiya - ŞƏRH
- 10 may, 2026
- 10:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Azərbaycan xalqının taleyində və dövlətçilik tarixində müstəsna xidmətləri olan Heydər Əliyev təkcə bir siyasi lider deyil, həm də milli dövlətçilik ideologiyasının banisi, müstəqilliyimizin xilaskarı və gələcək inkişaf strategiyasının müəllifi kimi tarixə düşüb. Azərbaycanın XX əsrdə yetişdirdiyi ən böyük dövlət xadimlərindən biri olan Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə xalqın milli maraqlarını hər şeydən üstün tutub, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın rifahı naminə yorulmadan çalışıb. Onun fəaliyyəti Azərbaycanın siyasi, iqtisadi, mədəni və beynəlxalq nüfuzunun formalaşmasında mühüm rol oynayıb. 1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyev qısa müddətdə respublikada genişmiqyaslı islahatlara başladı. Həmin dövrdə sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində böyük inkişaf əldə olundu. Azərbaycan keçmiş SSRİ məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Milli kadrların hazırlanması, gənclərin yüksək təhsil alması və milli özünüdərkin gücləndirilməsi Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri idi.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etsə də, ölkədə siyasi böhran, xaos və vətəndaş qarşıdurması hökm sürürdü. Dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə ağır bir dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmaqdan və məhv olmaq təhlükəsindən xilas etdi. 1993-cü ilin 15 iyun tarixi Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu dönüş nöqtəsi müstəqil dövlətçiliyin xilası və inkişafının başlanğıcı oldu.
Bu gün Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu ilə inamla irəliləyir. Onun siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağda əldə olunan tarixi Zəfər və ölkənin beynəlxalq nüfuzunun daha da artması Heydər Əliyev ideyalarının təntənəsi kimi qiymətləndirilir.
Ümumiyyətlə, Ulu Öndərin siyasi və dövlətçilik fəaliyyəti, Azərbaycana rəhbərlik etdiyi dövrlər tariximizin ən parlaq və şanlı səhifələridir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Sərəncamında göstərildiyi kimi "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarıb və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir... Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir".
Dövlətçiliyin xilaskarı
Şübhəsiz ki, Azərbaycanın müasir tarixində 1993-cü ilin xüsusi yeri var və həmin illəri unutmaq mümkün deyil. O illər Azərbaycan tarixinin ən təhlükəli dönəmlərindən idi. Аzərbаycаndа mürəkkəb şərait yаrаnmışdı, hаkimiyyət iflic vəziyyətdə idi, rеspublikа idаrə оlunmurdu, pаrçаlаnmа və məhvоlmа qаrşısındа idi. Hətta Azərbaycanı dünya xəritəsindən silib götürmək planları gerçəkləşmək üzrə idi. Bеlə bir çətin şəraitdə Vətənimizin böyük və qəhrəman oğlu xalqın təkidi və çağırışı ilə Azərbaycana böyük siyasətə qayıtmaqla respublikada cərəyan edən bütün təhlükəli prоsеslərin qаrşısını аldı. Ümummilli Lider özünəməxsus müdrikliklə bəyan etmişdi ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil. 1993-cü il oktyabrın 10-da andiçmə mərasimində Azərbaycan Prezidenti Heydər Əliyev dərin məzmunlu, proqram xarakterli tarixi çıxışında demişdi: "Bizim daxili siyasətimiz, xarici siyasətimiz dünya demokratiyasının açdığı yolla, demokratik prinsiplər əsasında gedəcəkdir. Biz Azərbaycanın daxilində demokratik prinsipləri bərqərar edərək respublikanın xarici siyasətində Azərbaycanın müstəqilliyini daim qoruyacağıq. Mən bir Prezident kimi xalqın qarşısında öz fikrimi açıq bəyan edirəm və əmin etmək istəyirəm ki, bu fikirlərə, bu prinsiplərə daim sadiq olacağam" .
"Əsrin müqaviləsi" - uğurlu neft strategiyasının təntənəsi
Heydər Əliyevin həyata keçirdiyi siyasi və iqtisadi islahatlar Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdi. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ölkənin iqtisadi dirçəlişinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə böyük təkan verdi. Azərbaycanın enerji strategiyası məhz ulu öndərin uzaqgörən siyasətinin nəticəsi idi. Bununla yanaşı, ordu quruculuğu istiqamətində də mühüm işlər görüldü, peşəkar milli ordu formalaşdırıldı.
Azərbaycanın əldə etdiyi uğurların, nailiyyətlərin bünövrəsində, təbii ki, ciddi iqtisadi irəliləyiş və onun nəticəsi olan güclü iqtisadiyyat durur. Bu iqtisadi inkişafın həlledici məqamlarından biri ölkəmizin həyata keçirdiyi uğurlu enerji siyasətidir. Məhz bu uğurlu enerji siyasətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Gələcəyə hesablanmış bu uğurlu neft strategiyasının da təntənəsi şübhəsiz ki, "Əsrin müqaviləsi"dir. Bu müqavilənin həm Azərbaycan, həm də dünya üçün əhəmiyyətini bundan daha yaxşı ifadə etmək mümkün deyildi. Bu adla həm də Azərbaycanın yeni müstəqillik tarixinin və neft-qaz sənayesinin dirçəlişi üçün uzun yolun başlandığı ifadə olunurdu. Bu günün zirvəsindən geriyə baxdıqda görərik ki, "Əsrin müqavilə"sinin imzalanması və uğurlu icrasının, eləcə də enerji layihələrimizin müvəffəqiyyətlə reallaşmasına imkan verən möhkəm təməllərin kökündə Ümummilli Lider Heydər Əliyev tərəfindən bir sıra ardıcıl strateji qərarların zamanında verilməsi durur.
Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan əbədi yaşayacaq
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Ulu Öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır". Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənmiş, ərazi bütövlüyünü bərpa etmiş və regionun lider dövlətinə çevrilmişdir. Bu uğurların təməlində məhz Heydər Əliyevin qurduğu güclü dövlətçilik modeli dayanır.
Bu gün Azərbaycan xalqı Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edir. Onun zəngin siyasi irsi, dövlətçilik fəlsəfəsi və xalqa xidmət nümunəsi gələcək nəsillər üçün əsl məktəbdir. Müasir Azərbaycan dövlətinin möhkəm təməli məhz onun adı ilə bağlıdır və xalqımız bu böyük lideri hər zaman minnətdarlıqla xatırlayacaqdır.
Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyata qovuşmasına mütləq əminlik yaradır. Və bu gün də fəxarət hissi ilə qeyd edə bilərik ki, nə qədər ki, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin ideyaları yaşayır, bir o qədər müstəqil Azərbaycan dövləti yaşayacaq, inkişaf edəcək.