Londondan qaçma meyilləri  - Birləşmiş Krallığın parçalanması niyə təxirə salına bilər? - ŞƏRH

Analitika
  • 16 sentyabr, 2026
  • 15:42
Londondan qaçma meyilləri  - Birləşmiş Krallığın parçalanması niyə təxirə salına bilər? - ŞƏRH

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı tarixində ilk dəfə üç bölgənin hökumət başçıları öz müqəddəratını təyinetmə hüququ və müstəqillik referendumlarının keçirilməsi ilə bağlı anlaşma memorandumunu imzalayıblar. Sənədi Şimali İrlandiyanın, Uelsin və Şotlandiyanın birinci nazirləri - Mişel O"Nil, Ron ap İorvert və Con Suini imzalayıblar. Saziş, sözügedən ölkələrin Böyük Britaniyanın tərkibindən çıxması barədə referendum keçirmək imkanına malik olması üçün özmüəyyənetmə hüququnu nəzərdə tutur.

Memorandumda tərəflər bərpa olunan enerji, iqtisadiyyatın gücləndirilməsi, Avropa İttifaqı ilə əlaqələrin inkişafı, xalqların öz gələcəyini müstəqil təyinetmə hüququnun dəstəklənməsi sahələrində əməkdaşlıq etməyə razılaşıblar.

Liderlər Böyük Britaniya hökumətini regionların Birləşmiş Krallıqdan çıxması ilə bağlı referendumlar keçirə bilməsi üçün konstitusiyada dəyişikliklər etməyə hazırlaşmağa, onları planlaşdırmağa və bu istiqamətdə prosesə yardım etməyə çağırıblar.

Sənəddə hökumət başçılarının ölkələrinin gələcəyinin Avropa İttifaqı ilə bağlı olduğu fikri vurğulanıb.

Şotlandiyanın birinci naziri Con Suini yaxın beş il ərzində ölkənin müstəqilliyi haqqında yeni referendum keçirilməsinə çağırıb.

Uels hökumətinin başçısı Ron ap İorvert ölkəsinin müstəqilliyi məsələsinin, həlli müddətlərinin "Uels xalqının əlində olduğunu" bildirib.

Yeri gəlmişkən, 2014-cü il sentyabrın 18-də Şotlandiyanın müstəqilliyi haqqında "Şotlandiya müstəqil ölkə olmalıdır" sualı üzrə ilk dəfə referendum keçirilib. Seçicilərin 55,3%-i Böyük Britaniyanın tərkibində qalmağın lehinə, 44,7% əleyhinə səs veriblər. Bu siyasi kampaniyadan əvvəl Şotlandiyaya geniş səlahiyyətlərin verilməsi vəd edilsə də, Edinburq bu istiqamətdə irəli sürülən təklifləri qəbul etməmişdi. Sonrakı illərdə də yenidən referendum keçirilməsi cəhdləri nəticə verməmişdi.

Uels Partiyası bu il mayın 7-də keçirilən yerli parlamentə seçkilərin nəticəsinə görə ilk dəfə hakimiyyətə gəlib. Millətçilər hazırkı mərhələdə Böyük Britaniyanın tərkibindən çıxmağı tələb etməzdən əvvəl regionu səmərəli idarə etmək bacarıqlarını sübut etmək niyyətindədirlər.

Şimali İrlandiya uzun illərdir İrlandiya Respublikası ilə birləşmək uğrunda mübarizə aparır. Buna hələ nail ola bilmir. Şimali İrlandiyanın birinci naziri Mişel O'Nil Böyük Britaniya və İrlandiya hakimiyyətlərini 2030-cu ilədək sərhəd referendumunun, İrlandiya Respublikası ilə birləşmək haqqında tarixini təyin etməyə çağırıb.

Müqəddəratın təyini və birləşmə məsələsi Şimali İrlandiya üçün elə də asan görünmür. Düzdür, bununla bağlı irlandlar uzun illər silahlı mübarizə aparıblar. Ancaq sonda tərəflər arasında 1998-ci il aprelin 10-da Belfast Sazişi imzalanıb. Bu sənədə uyğun olaraq, Şimali İrlandiyada "iğtişaşlar" ("The Troubles") adlanan, otuz ildən artıq davam edən qanlı qarşıdurmalara və zorakılığa son qoyulub. Həmin hadisələr nəticəsində 3,5 mindən çox insan ölmüş, 50 minə yaxın adam xəsarət almışdı.

Sazişə əsasən, Şimali İrlandiya Böyük Britaniyanın tərkibində qalmağa davam edib. Bununla belə onun gələcək statusunun yalnız əhalinin demokratik razılığı, referendum yolu ilə dəyişdirilə biləcəyi qəbul olunub. Habelə xalq səsvermədə İrlandiya Respublikası ilə birləşməyə səs verərsə, bu, qanuni olaraq tanınacaq. Bundan başqa tərəflər arasında razılaşmaya əsasən, İrlandiya Respublikası konstitusiyasından Şimali İrlandiyaya ərazi iddialarını çıxarıb.

Sənədə uyğun olaraq Şimali İrlandiyada hakimiyyət sistemi elə qurulub ki, mühüm qərarların qəbulu üçün fərqli milli-dini icmalar, katolik-respublikaçıları və protestant-unionistləri təmsil edən həm Birinci nazirin, həm də onun müavininin dəstəyi tələb olunur.

2016-cı ildə Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bölgələrin mərkəzdən qaçma meylləri artıb. Regionlardakı siyasi qüvvələr bu məsələdən təbliğatda və hədəflərini reallaşdırmaqda istifadə edirlər.

Elə memorandumda regionların gələcəklərini Avropa İttifaqına bağlaması məsələsi də bu siyasi istəkdən doğur. Birləşmiş Krallığın "brexit"i Aİ-nin ona hikkəsini soyutmayıb. Regionların öz müqəddəratını təyin etmə istəyinin bu və ya başqa şəkildə İttifaq tərəfində dəstəklənəcəyini də ehtimal etmək olar.

Bu kimi səbəblərdən Birləşmiş Krallıqdan çıxmaq istəyənlər siyasi, iqtisadi, diplomatik dəstək və dayağı üçün İttifaqın adını daha çox hallandırırlar.

Qlobal siyasətin gündəliyinə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ərazi bütövlüyü məsələsi yenidən gəlib.

Britaniya imperiyasının ərazisi 1920-ci ildə 36 milyon 190 min kv. km olub. İkinci dünya savaşından sonra onun ərazisi dəfələrlə kiçildi. Dünyada yeni dövlətlər meydana gəldi. Birləşmiş Krallıq 1997-ci ildə 99 illiyinə icarəyə götürdüyü Honqonqdan çıxmaqla başqa torpaqlara iddia etmədiyini nümayiş etdirib. Ancaq İkinci dünya savaşından sonra 1982-ci il aprelin 2-dən iyunun 14-dək Argentina ilə müharibə apardığı da faktdır. Onda Argentina Cənubi Atlantikada yerləşən, hazırda Böyük Britaniyanın nəzarətində olan Folklend adalarını (ispanca Malvin adaları) özünə birləşdirmək istəyib. Sonrakı dövrdə keçirilmiş referendumun nəticələrinə əsasən, adaların sakinləri Birləşmiş krallığın tərkibində qalmağa səs vermişdilər.

Hazırda Böyük Britaniyanın ərazisi 242 min 495 kv km-dir. İngiltərənin isə sahəsi 130 278 kv. km-dir.

Memorandumu imzalayanlar Birləşmiş Krallığın tərkibindən çıxsalar, o zaman Böyük Britaniyanın ərazisi dənizarxası ilə birlikdə İngiltərədən bir az böyük olacaq.

Son illər ABŞ ilə Böyük Britaniya arasında da Yaxın Şərq məsələlərinə dair anlaşılmazlıqlar yaşanır. Xüsusən Fələstin dövlətini tanımasını Ağ ev rəsmi London üçün heç də izsiz buraxmayacaq. Son aylarda İsraillə Böyük Britaniya arasındakı gərginlikdə Vaşinqton-London münasibətinə təsirsiz ötüşməyəcəyini də ehtimal etmək olar.

Birləşmiş Krallıq İordan çayının Qərb sahilindəki İsrail yaşayış məntəqələrindən malların idxalına qadağa qoyub. Buna qarşılıq olaraq, İsrail hökuməti Ramallahdakı Britaniya diplomatlarının və Qəzzanın bərpası üzrə missiya üzvlərinin qısa müddət ərzində ərazini tərk etməsini tələb edib. Bundan başqa rəsmi Təl-Əviv Birləşmiş Krallığın Şərqi Qüdsdəki konsulluğunu bağlayacağını bildirib.

Deməli, Avropa İttifaqı ilə yanaşı, ABŞ ilə İsrailin də Böyük Britaniyaya qarşı potensial olaraq çıxması mümkündür.

Məlum memorandumun imzalanması xəbəri yayıldıqdan sonra ABŞ Prezidenti Donald Tramp birləşmiş İrlandiyanı görmək istədiyini bəyan edib. O, bununla açıq şəkildə Şimali İrlandiyanın Böyük Britaniya tərkibindən çıxmasını və İrlandiya Respublikası ilə birləşməsini dəstəkləyib. Donald Tramp bu addımı "təbii" və "əla" adlandırıb. Bununla da o, Vaşinqtonun uzunillik tərəfsizlik ənənəsini pozub. Ehtimal etmək olar ki, ABŞ Prezidentinin bu bəyanatı Birləşmiş Krallıqda regionların mərkəzdən qaçma hərəkatlarına təkan verər.

Məlum "Belfast sazişi"nin təminatçısı Vaşinqton sayılır. Donald Trampın açıqlaması mövcud sazişin tələblərinin pozulması anlamına gəlir və Londonun əsas strateji müttəfiqinin dəstəyinə inamına kölgə salır. ABŞ liderinin bu kimi açıqlamasını Böyük Britaniyanın İrana hücumda onu dəstəkləməməsinin acığını çıxması kimi də anlamaq olar. Çünki memorandumun daha çox siyasi xarakter daşıdığı sirr deyil. Onun rəsmi London üçün birbaşa hüquqi məcburiyyət qüvvəsi də yoxdur.

Britaniyanın mövcud qanunvericiliyinə və Ali Məhkəmənin qərarlarına əsasən, regionların müstəqilliyi ilə bağlı referendumlar yalnız Böyük Britaniya hökuməti tərəfindən təyin edilə bilər. Elə memorandumun müəllifləri rəsmi Londonu konstitusiyada dəyişikliklər etməyə hazırlığa çağırmaları da buna əsaslanır.

Birləşmiş krallığın parçalanması bir sıra dövlətlərin ərazi bütövlüyünün pozulmasına nümunə olar. Özəlliklə Avropa İttifaqın üzv dövlətlərin bir çoxunun ərazisində yeni dövlətlər meydana gələr. Habelə Çin və Rusiya kimi böyük dövlətlərin ərazilərində də bu istiqamətdə hərəkatlar inkişaf edir.

Odur ki, Böyük Britaniyanın zəifləməsini istəyənlər və bu istiqamətdə fəaliyyət göstərib sevinənlərin də aqibəti heç də xoş olmaya bilər. Onun ərazi bütövlüyünün qorunması Londondan heç az olmayacaq dərəcədə ərazilərində narahatlıqlar olanlar da ehtiyatlanacaqlar. Belə qənaətə gəlmək olar ki, həmin ölkələr Böyük Britaniya və Şimali İrlandiyanın ərazi bütövlüyünün qorunmasına siyasi cəhətdən istəməsələr belə dəstək verməyə məcbur olacaq. Çünki Britaniyanın ərazisində mümkün dəyişikliklər dünyanın siyasi xəritəsinin yenidən işləməsi ilə müşayiət olunar. Ona görə də ehtimal etmək olar ki, memorandumun tələblərinin icrası daha bir müddət uzana bilər....